Abdullah Tancan: Naxçıvan və Qarabağda reallaşdırılan layihələr hər iki qardaş ölkənin iqtisadiyyatına töhfə verəcək
Bu gün Türkiyənin elektrik enerjisinə olan tələbatının təxminən 50 %-i bərpa olunan enerji mənbələri hesabına ödənilir.
NUHÇIXAN xəbər verir ki, bu sözləri Türkiyə Respublikasının energetika və təbii sərvətlər nazirinin müavini Abdullah Tancan Naxçıvan şəhərində keçirilən Beynəlxalq Geologiya-Mədənçilik Forumunda deyib.
Onun sözlərinə görə, bu istiqamətdə irəliləyişi davam etdirmək üçün səylər ardıcıl şəkildə həyata keçirilir: “Enerji keçidinin uğuru təkcə texnologiyadan deyil, həm də bu texnologiyalara imkan verən strateji minerallardan asılıdır. Bu səbəbdən geoloji kəşfiyyat işləri, ehtiyatların müəyyən edilməsi və Naxçıvanla birgə reallaşdırılacaq investisiya layihələri xüsusi əhəmiyyət kəsb edir”.
O qeyd edib ki, Türkiyə, Azərbaycan və Naxçıvan dünyanın əsas metallogenik qurşaqlarından biri olan Alp-Himalay Orogenik qurşağında yerləşir: “Bu kəmər zəngin faydalı qazıntı yataqları ilə seçilir və aparılan kəşfiyyat işləri nəticəsində yeni yataqların aşkarlanması təəccüblü deyil. Əminəm ki, birgə səylərimiz həm bizim, həm də Azərbaycan üçün olduqca mühüm nəticələr verəcək. Bu prosesdə bəlkə də ən vacib addım Naxçıvanda həyata keçiriləcək layihə olacaq. Layihə çərçivəsində çöl işlərinə start verilir, daha sonra isə qazma və kəşfiyyat mərhələləri ilə davam etdiriləcək”.
A.Tancan bildirib ki, bu kimi birgə geoloji kəşfiyyat layihələrinin inkişafı üçün həm nazirliklərarası Anlaşma Memorandumlarının, həm də elmi və institusional səviyyədə protokol və sazişlərin imzalanmasına böyük önəm verilir: “Naxçıvan və Qarabağda reallaşdırılan bu layihələr hər iki qardaş ölkənin iqtisadiyyatına töhfə verəcək strateji faydalı qazıntıların aşkara çıxarılması baxımından xüsusi əhəmiyyət daşıyır”.