Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) tərəfindən İtaliyaya sərmayə qoyuluşunun həyata keçirilməsi ARDNF-in investisiya portfelinin şaxələndirilməsi baxımından vacibdir. Bu müqavilə nəticəsində ARDNF ümumi quraşdırılmış gücü 402 meqavat olan Günəş Elektrik stansiyalarını əhatə edən layihə portfelində 49 faizlik pay əldə edib ki, bu da nəticə etibarilə, fondun sərmayə strukturunun təkmilləşməsinə və şaxələndirilməsinə imkan yaradır.
NUHÇIXAN xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, digər tərəfdən bu, bütövlükdə ARDNF-in gəlirlilik əmsalının yüksəlməsinə gətirib çıxara bilər.
“Çünki investisiya portfelinin diversifikasiya olunması gəlirliliyə təsir göstərir və risklərin minimumlaşmasına səbəb olur. Dövlət Neft Fondunun gəlirliliyinin artması, həm də Azərbaycanın dövlət gəlirlərinin artması baxımından vacibdir. Çünki Dövlət Neft Fondunda toplanan vəsaitlər, həmçinin ölkənin dövlət rezervlərini formalaşdırır. Bu kontekstdən təbii ki, sərmayə qoyuluşu olduqca vacibdir. Eyni zamanda, bu, bütövlükdə innovativ sahələrə, xüsusən də yaşıl enerjiyə Dövlət Neft Fondunun vəsaitlərinin yönəldilməsi mənasına gəlir. Çünki nəticə etibarilə yaşıl enerji prioritetdir və bu istiqamətdə daha çox sərmayələrin cəlb edilməsi müşahidə olunur. Belə sərmayələr bütövlükdə Dövlət Neft Fondunun Avropa bazarında daha da möhkəmlənməsinə gətirib çıxarır. Bu kontekstdə, həm Avropada enerjiyə olan tələbin ödənilməsini, həm də Dövlət Neft Fondunun Avropa İttifaqında sərmayə qoyuluşları hesabına məhsul istehsalı və istehsal edilən məhsulun bazara çıxarılmasını təmin edir”, - deyə o vurğulayıb.
V.Bayramov onu da əlavə edib ki, bütün bunlar Azərbaycanın geosiyasi mövqeyinin daha da güclənməsi və Azərbaycan sərmayəsi hesabına Avropanın enerji təhlükəsizliyinə töhfənin artması mənasına gəlir: “Beləliklə, bütün baş verənlər Dövlət Neft Fondunun gəlirlərinin artmasına, diversifikasiya edilməsinə, eyni zamanda, həmçinin Azərbaycanın geosiyasi mövqeyinin daha da gücləndirilməsinə xidmət edəcək”.