Naxçıvanda “Geomining – 2025, Beynəlxalq Geologiya-Mədənçilik Forumu” keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, iyulun 25-də Naxçıvanda “Geomining – 2025, Beynəlxalq Geologiya-Mədənçilik Forumu”  keçirilib.

Forum iştirakçıları əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.

Sonra Heydər Əliyev Muzeyi ilə tanışlıq olub.

“Naxçıvan Saray”da davam edən forumda əvvəlcə Naxçıvan Muxtar Respublikası ərazisində mövcud olan filiz və qeyri-filiz faydalı qazıntı yataqlarından götürülmüş süxur, mineral resurslar və tikinti materialları nümunələri, eləcə də diyarımızın təbiət zənginliklərini özündə əks etdirən rəsm əsərlərindən ibarət sərgiyə baxış olub.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli forum iştirakçılarını salamlayaraq bildirib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” muxtar respublikanın iqtisadi və ekoloji tarazlığının təmin edilməsində mühüm əhəmiyyətə malikdir. Bu proqramda ətraf mühitin mühafizəsi, təbii sərvətlərin səmərəli istifadəsi və geoloji tədqiqatların müasir texnologiyalar əsasında aparılması əsas prioritetlərdən biri kimi müəyyən edilib. Bu prinsip geologiya və mədənçilik sahəsində həyata keçirilən hər bir layihədə rəhbər tutulur.

Fuad Nəcəfli diqqətə çatdırıb ki, muxtar respublikada son iki il ərzində qeyri-filiz və inşaat materialları yataqlarının axtarış, təftiş və qiymətləndirməsi, yeraltı suların monitorinqi, qara, əlvan və nəcib metalların axtarışı, yenidən qiymətləndirilməsi üzrə çöl və kameral işlər görülüb, 55 yataqda təftiş və yenidən qiymətləndirmə işləri aparılıb, 6 yeni yataq kəşf edilib. Çöl materialları əsasında 298 mineral su bulağının təftişi aparılıb, 14 mineral bulaq investisiya üçün təklif olunub. Bu istiqamətdə işlər davam etdirilir. Həmçinin filiz faydalı qazıntı yataqlarının axtarış-təftişi və ehtiyatlarının qiymətləndirilməsi layihəsinə müvafiq olaraq Ağdərə-Nəsirvaz filizləşmə sahəsində layihə üzrə nəzərdə tutulmuş bütün işlər icra olunub, Babək rayonu ərazisindəki Xal-Xal sahəsində cari ildə çöl geoloji kəşfiyyat işlərinə başlanılıb.

Muxtar respublika ərazisində ekzogen geoloji proseslərin monitorinqinin təşkili və aparılması işləri də davam etdirildiyini diqqətə çatdıran səlahiyyətli nümayəndə qeyd edib ki, ekzogen geoloji proseslərin fəal inkişaf etdiyi sahələrdə yoxlama-təftiş marşrutları, topogeodeziya işləri kompleks şəkildə yerinə yetirilib. “Parağaçay”, “Qapıcıq” molibden və “Gümüşlü” polimetal yataqlarında beynəlxalq standartlara uyğun geoloji qiymətləndirmə işlərinin həyata keçirilməsi də “Dövlət Proqramı”nın əsas istiqamətlərindən biridir. Muxtar respublika ərazisində ilk dəfə olaraq 2023-cü il 7 iyul tarixindən etibarən 11 qeyri-filiz faydalı qazıntı yatağı üzrə 65 hektar sahə auksiona çıxarılıb, təqribən 1 milyon manata yaxın vəsait büdcəyə daxil olub.

Forumu geologiya və mədənçilik sahəsində dünyanın müxtəlif ölkələrindən olan mütəxəssislərin, alimlərin və dövlət qurumlarının nümayəndələrinin bir araya gəldiyi mühüm bir platforma kimi dəyərləndirən səlahiyyətli nümayəndə Fuad Nəcəfli vurğulayıb ki, burada müzakirə ediləcək məsələlər təkcə Azərbaycanın deyil, həm də regionun və bütövlükdə qlobal mədənçilik sektorunun gələcək inkişaf perspektivlərinə yönəlib. Beynəlxalq qiymətləndiricilərin dəvət olunmasında əsas məqsəd filiz yataqlarının geoloji potensialının obyektiv və beynəlxalq qəbul olunmuş metodologiyalara əsaslanaraq qiymətləndirilməsi, yüksək dəqiqlikli geoloji məlumat bazasının formalaşdırılması və investisiya üçün açılmasıdır.

Beynəlxalq Forumda Türkiyə Respublikasının energetika və təbii sərvətlər nazirinin müavini Abdullah Tancan, Özbəkistan Elmlər Akademiyasının vitse-prezidenti, Geologiya-mineralogiya elmləri doktoru Abdurazak Mirzayev, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited” şirkətinin prezidenti və baş icraçı direktoru Reza Vəziri, Türkiyə Respubikası Energetika və Təbii Sərvətlər Nazirliyi Mədən tədqiqi və axtarış baş idarəsinin baş direktoru Vedat Yanık çıxışı ediblər. Çıxışlarda forumun Naxçıvanda keçirilməsinin xüsusi əhəmiyyətinə toxunularaq bildirilib ki, bura Azərbaycanın ən zəngin geoloji strukturuna malik bölgələrindən biridir. Türkiyə, Azərbaycan, o cümlədən Naxçıvan dünyanın əsas metallogenik qurşaqlarından biri olan Alp-Himalay Orogenik qurşağında yerləşir. Bu kəmər zəngin faydalı qazıntı yataqları ilə seçilir və aparılan kəşfiyyat işləri nəticəsində yeni yataqların aşkarlanması təəccüblü deyil. Birgə səylər hər iki qardaş ölkə üçün olduqca mühüm nəticələr verəcək. Bu prosesdə, şübhəsiz, ən vacib addım Naxçıvanda həyata keçiriləcək layihə olacaq.

Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev Naxçıvan Muxtar Respublikasında geoloji kəşfiyyat və dağ-mədən sahəsində görülmüş işlər barədə məlumat verib.

Beynəlxalq forum mövzuya dair panel müzakirələrlə öz işini davam etdirib. Panel müzakirələrdə Azərbaycan, Türkiyə və Özbəkistan təmsilçiləri geoloji axtarış və mədənçilik sahəsində yeni innovativ metodlar, əldə olunan nəticələr, eləcə də birgə atılacaq addımlarla bağlı perspektiv imkanlar müzakirə edilib, forum iştitkçılarının sualları cavablandırılıb.

Sonda Naxçıvanın faydalı qazıntı süxurlarından hazırlanmış xatirə hədiyyələri təqdim edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: