Naxçıvanda rəqəmsal ödənişlər artmaqda davam edir - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş göstəriciləri üzrə 2025-ci ilin ilk yarısında əhəmiyyətli artım müşahidə olunub. 

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin rəsmi sosial şəbəkə hesablarında paylaşdığı məlumata əsasən, bu dövrdə rəqəmsal ödəniş sistemlərinə maraq artıb və müxtəlif göstəricilər üzrə ciddi yüksəliş qeydə alınıb.

Belə ki, aktiv POS-terminal sayı ilin əvvəlinə nisbətən 21,4% artaraq 3146 ədədə çatıb. POS-terminallar üzrə dövriyyənin həcmi isə 50,2 milyon manat təşkil edərək ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,7% artım göstərib.

Nəzarət-kassa aparatları üzrə dövriyyənin həcmi 184,9 milyon manat olmaqla 18,3% artıb. Eyni zamanda, nağdsız əməliyyatlar üzrə dövriyyə 493,6 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 32,8% artım deməkdir.

"ƏDV geri al" layihəsi çərçivəsində istehlakçılara qaytarılan məbləğ də artmaqda davam edir. Belə ki, bu göstərici 2,95 milyon manat olmaqla, ötən ilin əvvəli ilə müqayisədə 28,5% artıb.

Rəqəmsal ödənişlərin bu cür dinamik inkişafı muxtar respublikada şəffaf iqtisadi münasibətlərin gücləndirilməsi və müasir texnologiyaların tətbiqinin genişləndirilməsi istiqamətində atılan mühüm addımların nəticəsi kimi qiymətləndirilir.

Həmçinin  Naxçıvan Muxtar Respublikasında 2025-ci ilin müvafiq dövrü ərzində ipoteka kreditləri sahəsində ciddi artım müşahidə olunub. 

Maliyyələşdirilən ipoteka kreditlərinin məbləği 1 milyon 933 min manat təşkil edib.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 140 min 813 manat və ya 143,9% artım deməkdir.

Məlumata görə, ipoteka kreditləri üzrə bu artım Naxçıvan Muxtar Respublikasında əhalinin mənzil şəraitinin yaxşılaşdırılması, yaşayış sahələrinə olan tələbatın qarşılanması və sosial rifahın artırılması istiqamətində həyata keçirilən tədbirlərin real nəticəsidir.

Qeyd edək ki, regionda ipoteka kreditlərinə çıxış imkanlarının genişləndirilməsi və vətəndaşlara daha əlverişli şərtlərlə maliyyə dəstəyi göstərilməsi məqsədilə sistemli işlər davam etdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: