5 avqust 2025-ci il tarixində Prezident İlham Əliyevin imzaladığı yeni sərəncamla Naxçıvan Muxtar Respublikasının paylayıcı elektrik şəbəkəsinin 2026-2030-cu illər üzrə yenidən qurulması və bərpasına dair Tədbirlər Planı təsdiq olundu
Bu Sərəncam təkcə texniki-modernizasiya tədbiri deyil, həm də regionun iqtisadi müstəqilliyi, enerji təhlükəsizliyi və dayanıqlı inkişaf baxımından əhəmiyyətli bir dönüş nöqtəsi kimi qiymətləndirilə bilər.
Elektrik enerjisi hər bir dövlətin iqtisadi sabitliyinin, sənaye inkişafının və vətəndaş rifahının əsas dayaq sütunlarından biridir. Son illərdə Azərbaycanda bu sahədə aparılan islahatlar nəticəsində enerji sisteminin strukturunda və idarəçiliyində ciddi keyfiyyət dəyişiklikləri baş verib. “Yaşıl enerji” konsepsiyası, innovativ texnologiyaların tətbiqi və rəqəmsal həllərin yayılması bu transformasiyanın başlıca istiqamətləridir.
Blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikası enerji baxımından xüsusi yanaşma tələb edən bir bölgədir. İllərlə İran üzərindən asılı enerji təchizatı modelləri bu regionun enerji təhlükəsizliyini risk altında saxlayırdı. Lakin son illərdə bir sıra mühüm addımlar, o cümlədən Azərbaycan-Türkiyə enerji bağlantısı (Naxçıvan üzərindən) və bərpaolunan enerji layihələrinin genişlənməsi bu asılılığın azalmasına zəmin yaradıb.
Yeni sərəncam bu kontekstdə paylayıcı şəbəkənin modernizasiyasını və bərpasını əsas prioritet kimi müəyyən edir. Bu yalnız şəbəkənin texniki dayanıqlığını artırmaq deyil, həm də enerji itkilərinin azaldılması, əhalinin fasiləsiz və keyfiyyətli enerji ilə təminatı, ağıllı şəbəkə texnologiyalarının tətbiqi və lokal istehsal mənbələrinin şəbəkəyə effektiv inteqrasiyası üçün mühüm platforma rolunu oynayacaq.
Gözlənilən nəticələr aşağıdakılar ola bilər:
Şəbəkə dayanıqlılığının artırılması - qəza hallarının azalması, enerji fasilələrinin minimallaşdırılması
Səmərəliliyin yüksəldilməsi - ötürülmə və paylama zamanı enerji itkilərinin azaldılması
Rəqəmsal monitorinq sistemlərinin tətbiqi - məsafədən idarəetmə və enerji istehlakı üzərində tam nəzarət
Ətraf mühitin qorunması - bərpaolunan enerji mənbələrinin şəbəkəyə effektiv inteqrasiyası
Bilirik ki, Naxçıvan ölkə başçısı tərəfindən "Yaşıl enerji" zonası elan edilib. Günəş və külək potensialı yüksək olan bu bölgədə paylayıcı şəbəkənin müasirləşməsi, lokal enerji mənbələrinin istifadəsini daha real və effektiv edəcək. Ənənəvi enerji mənbələri ilə bərpaolunan enerji mənbələrinin optimal balansı, smart sistemlərin qurulması ilə mümkün olacaq.
Bu sərəncam Naxçıvan üçün yeni bir enerji mərhələsinin başlanğıcıdır. Prezidentin bu istiqamətdə atdığı addım, yalnız infrastrukturun yenilənməsi deyil, eyni zamanda bölgədə iqtisadi aktivliyin artması, investisiya mühitinin yaxşılaşması və əhalinin rifahının yüksəlməsi ilə nəticələnəcək.
Mətin Kamal
İqtisadçı-jurnalist