Daşkənddə keçirilən “Özbəkistan, Azərbaycan və Avropa: ümumi inkişaf naminə əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans, Cənubi Qafqaz və Mərkəzi Asiyanın qarşılıqlı əməkdaşlığında yeni mərhələnin əsaslarını müəyyənləşdirdi. Özbəkistan Respublikasının Prezidenti yanında Strateji və Regionlararası Araşdırmalar İnstitutu, Strateji İslahatlar Agentliyi və Xarici İşlər Nazirliyinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan konfrans Avqustun 20-dək davam edəcək. Sabiq dövlət başçıları, xarici işlər nazirləri və Avropa İttifaqı institutlarının nümayəndələrinin iştirakı ilə baş tutan konfransın müzakirələr mərkəzində Azərbaycan və Özbəkistan münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə yüksəlməsi dayanır. Bu proses artıq regionun geoiqtisadi xəritəsini dəyişməkdədir. Rəqəmlər onu göstərir ki, iki ölkə arasında iqtisadi münasibətlər ardıcıl şəkildə yüksəlir. 2017–2022-ci illərdə Azərbaycan–Özbəkistan ticarəti 6.2 dəfə artaraq 29 milyon dollardan 181 milyon dollara çatmışdır. 2023-cü ildə ticarət dövriyyəsi daha 26.5 faiz böyüyüb və 2024-cü ildə artıq 252 milyon dollara yüksəlib. Bu, bir il ərzində 41 faiz artım deməkdir. Gözləntilər ondan ibarətdir ki, yaxın illərdə qarşılıqlı ticarət həcmi 1 milyard dollara qədər yüksələ bilər.
Şərh etmək olar ki, bu dinamika yalnız iqtisadi rəqəmlərin böyüməsi deyil. Əslində, Bakı və Daşkənd arasında möhkəm siyasi iradə və qarşılıqlı etimadın nəticəsidir. Konfransda ən çox müzakirə olunan mövzulardan biri nəqliyyat marşrutlarının optimallaşdırılması idi. Mərkəzi Asiya dövlətlərinin dənizə çıxışı olmadığı üçün Azərbaycanın tranzit imkanları onlar üçün həyati əhəmiyyət kəsb edir.
Son faktlar bunu təsdiqləyir: 2024-cü ilin ilk 9 ayında Orta Dəhliz vasitəsilə daşınan yüklərin həcmi 3.4 milyon tona çatıb. Bu, əvvəlki ilə nisbətən 70 faiz çoxdur. Çinlə Azərbaycan arasında daşınan konteynerlərin sayı isə bir ildə 25 dəfədən çox artaraq 27 minə yüksəlib. İlk blok qatar mart ayında Xi’an şəhərindən Bakıya cəmi 11 günə çatdırılıb. Azərbaycanın Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürmə gücü hazırda 15 milyon ton və 100 min konteynerdir. İkinci mərhələdən sonra bu rəqəmlər 25 milyon ton və 500 min konteynerə qədər artacaq. Bu isə Özbəkistan da daxil olmaqla bütün Mərkəzi Asiya üçün Avropa bazarlarına çıxışda ən qısa və təhlükəsiz yol deməkdir.
Azərbaycan və Özbəkistan enerji sektorunda da əməkdaşlıqlarını gücləndirirlər. Gələcəkdə elektrik enerjisinin ötürülməsi və yaşıl enerji layihələrində üçtərəfli – Azərbaycan, Qazaxıstan və Özbəkistan formatında əməkdaşlıq nəzərdə tutulur. Bu, Avropa İttifaqı ilə yeni körpü rolunu oynaya bilər.
Logistika sahəsində isə rəqəmsallaşma diqqət çəkir. E-TIR və elektron icazə sistemlərinin tətbiqi yüklərin daşınmasını daha şəffaf və sürətli edir. Bu, Azərbaycanın və Özbəkistanın Avropa bazarına inteqrasiyasını asanlaşdırır. İki ölkənin əməkdaşlığının başqa bir istiqaməti humanitar sahədir. 2024–2026-cı illəri əhatə edən Yol Xəritəsi təhsil, mədəniyyət və gənclər mübadiləsini gücləndirməyi nəzərdə tutur.
Nizami Gəncəvi və Əlişir Nəvainin irsi ətrafında keçirilən mədəni tədbirlər, heykəl və xatirə komplekslərinin qarşılıqlı açılışı xalqlar arasında yaxınlığı artırır. Bu cür layihələr siyasi və iqtisadi əməkdaşlıq üçün ictimai dəstəyin daha da güclənməsinə xidmət edir. Prezident İlham Əliyevin regional təşəbbüsləri ilə Prezident Şavkat Mirziyoyevin fəal xarici siyasət kursunun uzlaşması Azərbaycan–Özbəkistan münasibətlərini Avrasiya məkanında etimad və əməkdaşlıq modelinə çevirib. Bu əməkdaşlıq artıq təkcə ikitərəfli gündəliyi deyil, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında körpü rolunu oynayan bir strateji xətti formalaşdırır. Geosiyasi gərginliklərin artdığı bir dövrdə Bakı–Daşkənd tərəfdaşlığı Orta Dəhlizin sabitliyini təmin etməklə yanaşı, Avropa ilə Asiya arasında ən dayanıqlı iqtisadi arteriyalardan birini yaradır.
Azərbaycan və Özbəkistan münasibətləri sadəcə siyasi bəyanatlar müstəvisində deyil, konkret iqtisadi, logistik və humanitar layihələrlə möhkəmlənir. Bu münasibətlərin güclənməsi Avrasiyada yeni güc balansının formalaşmasına, regionun sabitliyi və inteqrasiyasına mühüm töhfə verir.
Canməmməd Canməmmədov
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı