Fuad Nəcəfli: “Zəngəzur dəhlizi Naxçıvanın iqtisadi inkişafını sürətləndirməyə xidmət edəcək”

A- A A+

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bildirib ki, Zəngəzur dəhlizi Naxçıvanın iqtisadi inkişafını maksimal sürətlə gerçəkləşdirməyə xidmət edəcək.

NUHÇIXAN xəbər verir ki, o, bunu Nazirlər Kabinetində Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda çıxışı zamanı deyib.

Fuad Nəcəfli qeyd edib ki, Zəngəzur dəhlizi açıldıqda Naxçıvanın tarixi izolyasiyası sona çatacaq və muxtar respublika təkcə Azərbaycanın deyil, bütövlükdə regionun iqtisadi yüksəlişində aparıcı rol oynayacaq:

“İllərlə davam edən blokadadan sonra Azərbaycanın əsas hissəsi ilə birbaşa, fasiləsiz və təhlükəsiz nəqliyyat yolunun istifadəyə verilməsi Naxçıvan üçün yeni imkanların qapısını açacaq. Yeni yollar, dəmiryolları, enerji xətləri və rəqəmsal bağlantı Naxçıvanı mühüm logistika mərkəzinə çevirəcək. Bu isə ticarət və turizm imkanlarının genişlənməsinə, yerli istehsalın ixrac potensialının artmasına şərait yaradacaq”.

Vurğulanıb ki, Zəngəzur dəhlizi yalnız kommunikasiya xətti deyil, Azərbaycanın iqtisadi, siyasi və geostrateji gücünü artıracaq yeni mərhələnin başlanğıcıdır. Bu dəhliz bütövlükdə regionda sülh, sabitlik və əməkdaşlıq üçün qlobal əhəmiyyət kəsb edir.

Eyni zamanda Fuad Nəcəfli qeyd edib ki, ölkəmizin inkişaf gündəliyində digər prioritet istiqamətlər də yer alır. Bütün respublikada olduğu kimi, Naxçıvanda da rəqəmsal və şəffaf idarəçiliyin – korrupsiyasız, vətəndaşa xidmət edən dövlət sisteminin qurulması, sosial rifah və məşğulluğun artırılması, xüsusilə gənclərin dəstəklənməsi və yeni iş yerlərinin yaradılması, eləcə də ekoloji təhlükəsizlik sahəsində – su resurslarının qorunması və yaşıl enerji layihələrinin həyata keçirilməsi xüsusi önəm daşıyır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: