Cari ilin avqust ayı ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən (XRİTDX) tərəfindən aparılan monitorinq və analizlər nəticəsində 39 kiberhücum indikatoru müəyyən edilib.
XRİTDX-dən NUHÇIXAN-a verilən məlumata görə, sözügedən kiberhücum indikatorlarının bloklanması nəticəsində dövlət qurumlarına qarşı hazırlanmış və xüsusi hədəflənmiş APT (“Advanced Persistent Threat”) kiberhücumların qarşısı alınıb.
Xidmət tərəfindən dövlət informasiya ehtiyatlarının kibertəhdidlərdən mütəmadi və kompleks şəkildə qorunması istiqamətində fəaliyyət ardıcıl olaraq davam etdirilir. Avqust ayı ərzində XRİTDX tərəfindən görülmüş tədbirlər nəticəsində “AzStateNet” şəbəkəsi üzrə 31 milyon 759 min 74 zərərli keçid, "Sandbox" mühafizə sistemi vasitəsilə 8 min 408 zərərverici tərkibli elektron sənəd, həmçinin dövlət qurumlarının son istifadəçilərinin qoşulduğu mərkəzləşdirilmiş təhlükəsizlik həlli üzrə 2 milyon 850 min 500 zərərli fəaliyyət bloklanıb.
Bununla yanaşı kiberkəşfiyyat imkanlarından istifadə etməklə avqust ayı ərzində dövlət qurumlarının domenlərinə bənzədilmiş 2 saxta domen aşkarlanaraq bloklanması həyata keçirilib.
XRİTDX informasiya təhlükəsizliyi sahəsində davamlı və qabaqlayıcı tədbirlər həyata keçirməklə dövlət qurumlarının rəqəmsal mühitdə fasiləsiz və təhlükəsiz fəaliyyətini etibarlı şəkildə təmin etmək istiqamətində işləri davam etdirir.