Muxtar respublika büdcəsinin gəlirlərində artım qeydə alınıb - FOTOLAR

A- A A+

Naxçıvanda 2025-ci ilin yanvar–avqust aylarında büdcənin icrası büdcə intizamının gücləndirilməsi, fiskal idarəetmənin səmərəli təşkili və iqtisadi sabitliyin qorunması istiqamətində mühüm nəticələr verib.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, cari ilin yanvar-avqust aylarında büdcənin gəlirləri üzrə 136,5 milyon manat həcmində proqnoza qarşı faktiki daxilolmalar 180,9 milyon manat təşkil edib. Bu isə 44,4 milyon manat və ya 32,5 faiz artımla icra olunma deməkdir. Büdcəyə daxil olan vəsaitlərin 165,9 milyon manatı və ya 91,7 faizi vergi daxilolmalarının, 12,1 milyon manatı və ya 6,68 faizi gömrük orqanları tərəfindən təmin edilən vəsaitlərin, 1,6 milyon manatı və ya 0,89 faizi büdcə təşkilatlarının ödənişli xidmətlərinin, 1,3 milyon manatı və ya 0,73 faizi isə digər daxilolmaların payına düşüb. Vergi daxilolmaları istiqamətində xüsusilə əlavə dəyər vergisi 121 faiz, aksiz vergisi 153 faiz, fiziki şəxslərin gəlir vergisi 115 faiz, hüquqi şəxslərin mənfəət vergisi isə 126 faiz səviyyəsində icra edilib. Digər daxilolmaların proqnozu 1,5 dəfə üstələməsi büdcə intizamının möhkəmləndirildiyini göstərir.

Azərbaycan Respublikasının dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasına ayrılmış dotasiya üzrə 167,6 milyon manatlıq plana qarşı 120 milyon manat vəsait icra edilib, nəticədə plan göstəricisindən 28,4 faiz azalma qeydə alınıb. Bu isə muxtar respublikanın daxili maliyyə imkanlarının genişləndiyini və büdcə təminatında daxili gəlirlərin rolunun artdığını göstərir.

Büdcə xərcləri üzrə 310,9 milyon manatlıq plana qarşı 276,9 milyon manat icra qeydə alınıb, ümumi icra səviyyəsi 89 faiz olub. Əməyin ödənişi xərcləri 99 faiz və ya 202 milyon manat, sosial ödənişlər 77 faiz və ya 3 milyon manat, subsidiyalar, qrantlar və digər ödənişlər 83 faiz və ya 15 milyon manat, malların (işlərin və xidmətlərin) satınalınması xərcləri 73,0 faiz və ya 30,0 milyon manat, qeyri-maliyyə aktivləri 62,0 faiz və ya 26,0 milyon manat icra edilib. Ayrı-ayrı funksional bölmələr üzrə icra göstəricilərində nəzərəçarpacaq dinamika müşahidə edilib. Belə ki, “Sosial müdafiə və sosial təminat” bölməsi üzrə xərclər tam - 100 faiz icra edilərək 6 milyon manat səviyyəsində qeydə alınıb. “Təhsil” bölməsi üzrə 97 faiz icra göstəricisi ilə 99 milyon manat, “Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq” bölməsi üzrə isə 96 faiz icra ilə 54 milyon manat vəsait xərclənib. “Ümumi dövlət xidmətləri” üçün ayrılmış vəsaitlərin 91 faizi, yəni 45 milyon manatı, “Mədəniyyət, incəsənət və digər” bölməsi üzrə isə 91 faizi və ya 16 milyon manat icra olunub.

Ümumilikdə, 2025-ci ilin yanvar–avqust aylarında büdcənin gəlirlərində artım qeydə alınıb, sosial öhdəliklərin icrası isə tam təmin edilib.

Qeyd edək ki, ötən 3 il ərzində muxtar respublikada fiskal dayanıqlığın artırılması istiqamətində məqsədyönlü islahatlar aparılıb, dövlət büdcəsindən muxtar respublika büdcəsinin xərclərinin tənzimlənməsi üçün ayrılmış dotasiyanın məbləği əhəmiyyətli dərəcədə azalıb, büdcə xərclərinin yerli yığımlardan maliyyələşməsinin çəkisi 57 faiz səviyyəsinə çatıb. Növbəti dövrlərdə də fiskal siyasətin təkmilləşdirilməsi, dövlət maliyyəsi, mühasibat uçotu, dövlət xəzinədarlığı və dövlət maliyyə nəzarəti sahəsində islahatların aparılması, büdcə gəlirlərinin formalaşma mənbələrinin təkmilləşdirilməsi, büdcə xərclərinin optimallaşdırılması, habelə rəqəmsal texnologiyalar və innovasiyalar tətbiq edilməklə səmərəli icra və nəzarət mexanizminin yaradılması istiqamətində zəruri tədbirlərin görülməsi, ölkə səviyyəsində aparılan islahatların muxtar respublikada da davam etdirilməsi əsas prioritet olaraq qalır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: