Çin-Azərbaycan İkitərəfli İnvestisiya Təşviqi tədbiri keçirilib - FOTOLAR

A- A A+

Çinin Siamen şəhərində keçirilən 25-ci Çin Beynəlxalq İnvestisiya və Ticarət Sərgisi (“CIFIT 2025”) çərçivəsində Çin-Azərbaycan İkitərəfli İnvestisiya Təşviqi tədbiri keçirilib.

NUHÇIXAN xəbər verir ki, Azərbaycanın İqtisadiyyat, Çinin Kommersiya Nazirliklərinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Azərbaycanın Çindəki ticarət nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, sənaye, energetika, nəqliyyat-logistika, kənd təsərrüfatı, İKT və digər sahələrdə fəaliyyət göstərən 100-dək iş adamı qatılıb.

Tədbirin açılış mərasimində çıxış edən Baş nazirin müavini, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayev bildirib ki, iki ölkə arasında münasibətlər yeni mərhələyə qədəm qoyub və ölkələrimiz arasında hərtərəfli strateji tərəfdaşlığın qurulması ticarət və investisiya əməkdaşlığına güclü təkan verib. O, bu müsbət tendensiyanın davamlılığını ölkələrimizin “Bir kəmər, bir yol” təşəbbüsündə fəal və birgə iştirakı ilə əlaqələndirib.

Çinin kommersiya nazirinin müavini, Hökumətlərarası Komissiyanın həmsədri Lin Ci ölkəsinin Azərbaycanla iqtisadi əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini, Çin şirkətlərinin Azərbaycanla ticarət, logistika, sənaye və yaşıl enerji sahələrində sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb. O, həmçinin ölkələrimizin ikitərəfli ticarət və investisiya əlaqələrində son illər artan göstəricilər haqqında danışıb.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Çinin Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğunu qeyd edərək, investisiya əlaqələrinin praktiki müstəvidə inkişaf etdiyini vurğulayıb. Sənaye istehsalı, bərpaolunan enerji, kənd təsərrüfatı və İKT sahələrində birgə təşəbbüslərin uğurlu icrası, qarşıdakı dövrdə istehsalın lokallaşdırılması və texnologiya transferinə xidmət edəcək ortaq layihələr haqqında məlumat verilib.

Energetika nazirinin müavini Elnur Soltanov isə ölkəmizin günəş və külək enerjisi potensialı ilə Çinin qabaqcıl texnologiyalarının sintezinin birgə layihələrin uğurla həyata keçirilməsinə şərait yaratdığını və gələcəkdə enerji keçidi üzrə tərəfdaşlığımızın daha da genişlənəcəyini bildirib.

Tədbirdə, həmçinin AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, Dövlət Neft Fondunun icraçı direktorunun müavini Bəhruz Bəhramov, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədrinin müavini İsmayıl Manafov, Çinin İnvestisiyaların Təşviqi Agentliyinin direktoru Liu Mincyan və Çin İnvestisiya Korporasiyasının Birbaşa investisiyalar departamentinin direktoru Janq Şuo hər iki ölkənin investisiya iqlimi, qarşılıqlı faydalı investisiya təşəbbüslərinin reallaşdırılması və ticarətin təşviqi barədə çıxışlar edib, təqdimatlar keçiriblər.

Tədbir çərçivəsində keçirilən panel sessiyada Azərbaycan İnvestisiya Holdinqi, İqtisadi Zonaların İnkişafı Agentliyi, Çinin Horqos İqtisadi İnkişaf Zonası və hər iki ölkənin sənaye və İKT kimi sahələrində fəaliyyət göstərən şirkət nümayəndələri ikitərəfli işgüzar təmasların gücləndirilməsinə dair fikirlərini bölüşüb, təkliflərini irəli sürüblər.

Tədbir B2B görüşlərlə davam edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: