Baş nazirin müavini: 347 Çin şirkəti sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti sahələrində aktiv fəaliyyət göstərir - FOTOLAR
Çinin Siamen şəhərində davam edən 25-ci Çin Beynəlxalq İnvestisiya və Ticarət Sərgisi (CIFIT) çərçivəsində “Bir kəmər, bir yol” beynəlxalq investisiya əməkdaşlığı mövzusunda tematik iclas keçirilib.
NUHÇIXAN xəbər verir ki, “Bir kəmər, bir yol” təşəbbüsü ölkələrinin investisiya əməkdaşlığının dərinləşdirilməsinə dair müzakirələrin aparıldığı iclasda çıxış edən Baş nazirin müavini, Azərbaycan-Çin Hökumətlərarası Komisisyasının həmsədri Şahin Mustafayev tədbirin ölkələrimizi bir-birinə daha sıx bağlayan, sərmayə və ticarət üçün konkret imkanlar yaradan nüfuzlu platforma olduğunu bildirib.
Baş nazirin müavini növbəti mərhələdə ticarət strukturunun daha da şaxələndirilməsi, eyni zamanda logistik xərclərin optimallaşdırılması ilə rəqabət qabiliyyətinin yüksəldilməsi hədəflərini vurğulayıb.
Şahin Mustafayev 1995-ci ildən Azərbaycana Çindən 942,3 milyon dollar həcmində birbaşa investisiya yatırıldığını, bununla yanaşı, Çin biznesinin ölkəmizdə geniş təmsil olunduğunu, ölkəmizdə 347 Çin şirkətinin sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət və xidmət sahələrində aktiv fəaliyyət göstərdiyini vurğulayıb.
Ş.Mustafayev Azərbaycanın xüsusi iqtisadi zonalarında, o cümlədən Ələt Azad İqtisadi Zonasında və ölkəmizin sənaye parklarında biznesin həyata keçirilməsi üçün hər cür əlverişli şərait yaradıldığını deyib, bundan başqa, hökumətin Azərbaycanda əsas bərpa-quruculuq bölgələri olan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında özəl investisiyaların cəlb edilməsini fəal şəkildə təşviq etdiyini bildirib.
“Sözügedən ərazilərdə, eləcə də müəyyən edilmiş xüsusi iqtisadi zonalar 10 ilə qədər vergi güzəştləri də daxil olmaqla qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq üçün vacib imkanlar yaradır. Bu kontekstdə cari ilin 22-23 sentyabr tarixlərində Bakıda 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçiriləcək. Forum Şərqlə Qərbin kəsişməsində yerləşən ölkəmizi dayanıqlı ticarət və təchizat zəncirlərinin gələcəyini formalaşdıran açıq bir platforma kimi təqdim edəcək”, - deyə Şahin Mustafayev əlavə edib.
Baş nazirin müavini Azərbaycanın Avrasiyanın təbii körpüsü olduğunu, Bakı-Tbilisi-Qars dəmir yolu da daxil olmaqla Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin “Bir kəmər, bir yol” təşəbbüsünün dayanıqlı hissəsini təşkil etdiyini vurğulayıb: “Ötən il Orta Dəhliz üzrə tranzit daşımalar 86 faiz, cari ilin yanvar-iyul aylarında isə 44 faiz artıb”.
Azərbaycan nümayəndə heyətinin Çinin “Hasee” və “Kinglong” şirkətlərinin rəhbərləri ilə görüşü olub.