Naxçıvanda yerli sahibkarların iştirakı ilə müşavirə keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, sentyabrın 15-də Naxçıvanda yerli sahibkarların iştirakı ilə müşavirə keçirilib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli 2025-ci ilin yanvar-avqust ayları üzrə muxtar respublikada əldə olunan makroiqtisadi göstəriciləri müşavirə işitrakçılarının diqqətinə çatdırıb. Bildirib ki, qeyd olunan dövrdə ümumi daxili məhsul istehsalı 1 milyard 64 milyon 598 min 400 manat olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz artıq göstəricidir. Hesabat dövründə 343 milyon 6 min 900 manatlıq sənaye məhsulu istehsal edilib ki, bu da 2024-cü ilin müvafiq dövründəki göstəricini 19,1 faiz üstələyir. Həmçinin iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala bir il öncəki göstəricidən 42,4 faiz çox, 122 milyon 629 min 300 manat vəsait yönəldilib.
Sosial və iqtisadi sahələrin digər sferalarında da mühüm artımların olduğunu bildirən səlahiyyətli nümayəndə vurğulayıb ki, bu göstəricilər sahibkarlar üçün əlverişli mühitin formalaşdığını, rəqabətədavamlı məhsul istehsalına və xidmətlərin keyfiyyətinin artırılmasına mühüm şərait yaradıldığını təsdiq edir.
Fuad Nəcəfli bildirib ki, muxtar respublikada fəaliyyət göstərən sahibkarlar üçün daha əlverişli və perspektivli mərhələyə qədəm qoyuruq. Dövlət başçımızın qətiyyəti sayəsində regionda proseslərin normallaşması istiqamətində əldə olunan razılaşma, Zəngəzur dəhlizinin reallaşması, nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası Naxçıvanı mühüm logistika mərkəzinə və investisiya zonasına çevirəcək. Yerli sahibkarlar yaranacaq bu imkanlara, o cümlədən yeni investisiya mühitinə hazır olmalı, rəqabətə davam gətirəcək addımlar atılmalıdır. Bunun üçün isə növbəti mərhələdə daha geniş perspektivlər açılır. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq Naxçıvan Muxtar Respublikasında azad iqtisadi zonanın yaradılması istiqamətində tədbirlər görülür. 2026-cı ildən icrası nəzərdə tutulan layihəyə uyğun olaraq sahibkarlar 10 il müddətində tətbiq olunacaq güzəştlərdən yararlana biləcəklər. Həmçinin muxtar respublika ərazisində heyvan xəstəliklərindən azad zonaların yaradılması istiqamətində prosedurların tətbiqinə başlanacaq. Bu təşəbbüs bölgədə heyvandarlıq məhsullarının keyfiyyətinin artırılması və ixrac imkanlarının genişləndirilməsinə əlverişli şərait yaradacaq.
Müşavirədə Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası idarə heyətinin sədri Vüqar Abbasov, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev çıxış edərək tətbiq olunacaq gömrük və ticarət güzəştlərini muxtar respublikada sahibkarlığın inkişafına göstərilən mühüm dəstək kimi dəyərləndiriblər.
Sahibkarlar çıxış edərək muxtar respublikada azad sahibkarlıq mühitinin formalaşmasına, bu istiqamətdə şəffaflığın təmin olunmasına və göstərilən dəstəyə görə minnətdarlıqlarını bildiriblər.
Müşavirədə sahibkarların təklifləri dinlənilib, logistikanın subsidiyalaşdırılması, dövriyyə vəsaitlərinin maliyyələşdirilməsinə maliyyə institutlarının cəlbi, dövlət satınalmlarında yerli sahibkarlara dəstək göstərilməsi istiqamətində görüləcək işlər və mövcud problemlər müzakirə edilib.