Azərbaycan və Çin kənd təsərrüfatı üzrə birgə işçi qrupu yarada bilər - FOTOLAR
Azərbaycan və Çin arasında aqrar sahədə əməkdaşlığın və hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı üzrə birgə işçi qrupun yaradılması, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, aqrar sahədə ən müasir texnologiyaların transferi, aqrar tədqiqat və innovasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
NUHÇIXAN bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, nazir Məcnun Məmmədov Çinin ölkəmizdə səfiri Lu Mey ilə görüşüb. Nazir Azərbaycanda aqrar sektora dövlət dəstəyi barədə ətraflı məlumat verib, bildirib ki, Azərbaycanla Çin arasında bütün sahələrdə əməkdaşlıq dinamik inkişaf edir. Azərbaycan Çinlə iqtisadi-ticarət əlaqələrini gücləndirməyə yönəlmiş bütün təşəbbüsləri tam dəstəkləyir.
Səfir ölkəsinin Azərbaycanla dost olduğunu və bütün sahələrdə tərəfdaşlığın inkişafında maraqlı olduğunu vurğulayıb. O, kənd təsərrüfatı, innovasiya və texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcudluğunu qeyd edib.
Tərəflər müzakirə olunan istiqamətlər üzrə qarşılıqlı maraqlı olduqlarını ifadə ediblər.