"Fitch": 2025-2026-cı illərdə "Expressbank"ın kapital buferi zəifləyə bilər

A- A A+

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi "Expressbank" ASC-nin uzunmüddətli emitent defolt reytinqini (IDR) "B+" səviyyəsində, həmçinin həyat qabiliyyəti reytinqini (VR) "b+" səviyyəsində təsdiqləyib.

NUHÇIXAN "Fitch"ə istinadən xəbər verir ki, reytinqlər üzrə proqnoz "sabit"dir.

Agentlik qeyd edir ki, "Expressbank"ın uzunmüddətli IDR-i bankın VR-da əks olunan öz kredit qabiliyyəti ilə müəyyən edilir.

"Fitch"in məlumatına görə, VR bankın qiymətqoyma imkanlarının məhdud olmasını, yüksək xərcləri və bazarla müqayisədə daha bahalı maliyyələşdirmə bazasını nəzərə alır. Eyni zamanda, xüsusilə aktivlərin keyfiyyəti və kapitallaşma baxımından dayanıqlı maliyyə göstəriciləri vurğulanır.

"Expressbank" – 2025-ci ilin I yarımilinin sonuna bank sektorunun aktivlərinin və depozitlərinin cəmi %-ni, eləcə də kreditlərin 2 %-ni təşkil edən özəl bankdır.

"Bank universal biznes modeldən istifadə edir. Burada əsas rolu pərakəndə kreditləşdirmə (bu ilin I yarımilinin sonuna kredit portfelin 65 %-i) oynayır. Əlavə olaraq mikro, kiçik və orta müəssisələr maliyyələşdirilir", - hesabatda qeyd edilib.

Bildirilib ki, son vaxtlar "Expressbank" daha gəlirli, lakin riskli istiqamət olan təminatsız istehlak və mikrobiznes kreditləşdirməsini fəal inkişaf etdirir. Agentliyin proqnozuna görə, bu da 2025-2026-cı illərdə risk dəyərini artıra bilər. Lakin risklər borc alanların aşağı konsentrasiyası və minimal dollarlaşma ilə yumşaldılır.

"Fitch"in məlumatına əsasən, kreditlərin artım tempi 2024-cü ildə 23 %-ə qədər (2023-cü ildə 38 %) azalıb və proqnozlara görə, 2025-2026-cı illərdə 15 %-dən az olacaq.

Qeyd edilib ki, problemli kreditlərin payı 2024-cü ilin sonuna 1,2 %-ə qədər (bir il əvvəl 1,4 % olub) azalıb. Buna kreditləşmənin artması və əlverişli iqtisadi konyunktura kömək edib. Bütün problemli aktivlər tam olaraq ehtiyatlarla təmin edilib. "Fitch" gözləyir ki, 2025-2026-cı illərdə aktivlərin keyfiyyəti portfelin "köhnəlməsi" ilə bir qədər pisləşə bilər, lakin yüksək ehtiyat səviyyəsi ilə 2-3 % həddində qalacaq.

Proqnoza görə, tənzimləyici dəyişikliklərdən qaynaqlanan əmanətlər üzrə faiz dərəcələrinin artması səbəbindən bankın xalis faiz marjası 2025-ci ildə təxminən 100 baza bəndi (2024-cü ildəki 9 %-dən) azalacaq. Bu amil risk dəyərinin artması və məhdud əməliyyat effektivliyi ilə birlikdə əməliyyat mənfəətini risklə ölçülmüş aktivlərin 2 %-dən aşağı endirəcək. Ancaq 2026-2027-ci illərdə tədricən bərpa olunması gözlənilir.

Məlumata əsasən, "Expressbank"ın "Fitch Core Capital" (FCC) əmsalı ötən ilin sonuna 23 % təşkil edib, lakin kreditlərin sürətli artımı və riskli aktivlərin payının artması səbəbindən 2022-ci ilin sonundan təxminən 10 faiz bəndi azalıb. 2025-2026-cı illərdə istehlak kreditlərinə doğru yönəlmə və böyük dividend ödənişləri səbəbindən kapital buferinin daha da azalacağı gözlənilir. Buna baxmayaraq, "Fitch"in baza ssenarisində FCC 20 %-dən yuxarı qalacaq.

Agentlik qeyd edir ki, bu ilin I yarımilinin sonuna bankın öhdəliklərinin 58 %-i müştəri hesablarının (əsasən pərakəndə depozitlərin), təxminən 40 %-i isə topdansatış maliyyələşdirməsinin payına düşüb. Topdansatış maliyyələşdirməsi əsasən dövlət inkişaf institutlarından güzəştli uzunmüddətli kreditlər və qısamüddətli REPO əməliyyatları vasitəsilə təmin edilir. Bildirilib ki, likvidlik buferi kifayət qədərdir: 2024-cü ilin sonuna likvidli aktivlər əmanətlərin üçdə birindən çoxunu əhatə edib.

Bildirilib ki, aktivlərin keyfiyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi halında reytinqlərin aşağı salınması mümkündür, bu da zərərlərin yaranmasına və FCC-nin davamlı olaraq 15 %-dən aşağı düşməsinə səbəb olacaq. Kapitalı zəiflədən mənfi amillər sırasında kreditləşmənin sürətli artımı və əhəmiyyətli dividend ödənişləri qeyd olunur.

"Reytinqlərin yüksəldilməsi məhduddur və bazar mövqelərinin gücləndirilməsini, aktivlərin yüksək keyfiyyətini və kapitallaşmanı qoruyaraq davamlı mənfəətliliyə qayıdışı tələb edəcək", - "Fitch" analitikləri qeyd ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: