Azərbaycanda milyardlarla dollarlıq enerji layihələrinin əsas çağırışları kapital xərcləri və təchizat zəncirlərinin effektivliyidir.
NUHÇIXAN xəbər verir ki, bu barədə Azərbaycan energetika nazirinin müavini Orxan Zeynalov I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2025) çərçivəsində bildirib.
Onun sözlərinə görə, həm ənənəvi, həm də "yaşıl enerji" təşəbbüslərinin uğurlu şəkildə həyata keçirilməsi birbaşa etibarlı tranzit marşrutlarından, regional inteqrasiyadan və proqnozlaşdırıla bilən investisiya mühitindən asılıdır.
Nazir müavini qeyd edib ki, bu gün Azərbaycan həm ölkə daxilində, həm də transsərhəd əməkdaşlıq çərçivəsində bir neçə iri enerji layihəsi həyata keçirir: "Bura beynəlxalq tərəfdaşlarla ənənəvi energetika, həmçinin fəal inkişaf edən "yaşıl energetika" daxildir. Biz mühüm bir istiqamətə - regionda transsərhəd əlaqələndirmə layihələrinə başlayırıq. Mərkəzi Asiya, Azərbaycan, Xəzər və Qara dəniz, Avropa dəhlizi, "yaşıl enerji dəhlizi", Azərbaycan-Gürcüstan, Türkiyə-Bolqarıstan xətləri və Şərq-Qərb dəhlizi - bütün bu birləşdirici xətlər gələcəkdə bir-birini tamamlaya bilər".
O vurğulayıb ki, milyardlarla dollarlıq layihələrin iki əsas problemi kapital xərcləri və təchizat zənciri məsələləridir: "Əgər təchizat zəncirində gecikmə baş verərsə, bütün layihə təxirə salına bilər. Sualtı kabel kimi kritik əhəmiyyətli təşəbbüslər üçün texnologiya təchizatçılarının sayı məhduddur. Etibarlı tranzit marşrutları regionun rəqabət qabiliyyətini artırır və CAPEX-i azaldır".
O.Zeynalov vurğulayıb ki, nəqliyyat xərclərinin azaldılması və daşınma vaxtının qısaldılması birbaşa layihələrin səmərəliliyinə təsir göstərir: "Nəqliyyat xərcləri minimal olduqda, CAPEX azalır ki, bu da həmişə layihələrin həyata keçirilməsinə müsbət təsir göstərir".
Nazir müavini, həmçinin Azərbaycanın energetikada tarixi roluna diqqət çəkib: "Biz dünyanın ən qədim enerji ölkələrindən biriyik. Neft hasilatı burada hələ XIX əsrin ortalarında başlayıb. Bu gün bu zəngin təcrübə bizə "yaşıl energetika"ya keçidi səmərəli şəkildə həyata keçirməyə kömək edir".
Bununla yanaşı, o qeyd edib ki, regionun investisiya meydanı kimi cəlbediciliyi birbaşa uzunmüddətli sabitliyin təmin edilməsi ilə bağlıdır: "Sülh və rifah, həmçinin şəffaflıq təminatları yarandıqda, bütün əsas oyunçular - investorlar, alıcılar, logistika operatorları və digər iştirakçılar regionda iştirakda maraqlı olacaqlar".