Azərbaycanda elektrik avtobusların istehsalının lokallaşdırılması layihəsi çərçivəsində görülən işlər müzakirə olunub
İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin BYD şirkətinin Kommersiya nəqliyyat vasitələri şöbəsinin baş meneceri Tien Çunlon ilə görüşüb.
Nazirlikdən NUHÇIXAN-a bildirilib ki, son illərdə Azərbaycan və Çin arasında əməkdaşlıq sürətlə inkişaf edib. Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində imzalanan bir sıra mühüm saziş və memorandumlar, o cümlədən “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” əməkdaşlıq üçün geniş perspektivlər açır. Vurğulanıb ki, Çin şirkətlərinin Azərbaycanda həyata keçirdiyi sərmayə layihələri, eləcə də “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində əlaqələr regional inteqrasiyanın güclənməsinə töhfə verir.
Görüşdə ölkəmizin iqtisadi prioritetlərinə nail olunması istiqamətində həyata keçirilən tədbirlər, ölkənin sənaye potensialının gücləndirilməsi, yaşıl texnologiyaların tətbiqi, enerji səmərəliliyinin artırılması istiqamətində görülən işlər barədə məlumat verilib.
Görüşdə tərəfdaşlıq üzrə yeni imkanlar, təcrübə və bilik mübadiləsi sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib. Yeni istehsal sahələrinə investisiya qoyuluşunun əlavə dəyər zəncirinin inkişaf etdirilməsində önəmi vurğulanıb. Sumqayıt Sənaye Parkında reallaşdırılan elektrik avtobuslarının istehsalının lokallaşdırılması layihəsi üzrə görülən işlər və qarşıdakı dövr üçün hədəflər nəzərdən keçirilib.