Naxçıvanda 2028-ci ilədək iki GES-in istismara verilməsi planlaşdırılır

A- A A+

Naxçıvanda ümumi gücü təxminən 530 meqavat (MVt) olan iki günəş elektrik stansiyası (GES) 2028-ci ilə qədər istismara veriləcək.

NUHÇIXAN xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətova Bakıda keçirilən "Yaşıl Enerji Həftəsi 2025: Azərbaycan və Mərkəzi Asiya" adlı tədbirdə bildirib.

O, "Nobel Energy" şirkəti ilə Naxçıvanda 30 MVt gücündə GES-in tikintisi layihəsinin həyata keçirilməsi və "A-Z Czech Engineering" şirkəti ilə elektrik enerjisinin ixrac məqsədilə istehsalı üçün təxminən 500 MVt gücündə GES-in tikintisi haqqında sazişlərin imzalandığını xatırladıb.

"30 MVt gücündə GES-in bu il, ikinci enerji obyektinin isə 2027-ci ildə istismara verilməsi gözlənilir", - Agentliyin direktor müavini qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan üçün növbəti addım 2027-2030-cu illər üçün strategiyanın işlənib hazırlanması olacaq.

"Azərbaycanın 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyasının "yaşıl artım"la bağlı beş prioritetindən biri bunları əhatə edir: enerji sektorunda, tənzimləyici mühitdə strateji planlaşdırma; bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi; "yaşıl enerji zonaları" və "yaşıl enerji dəhlizləri"nin yaradılması; bərpa olunan enerjinin inteqrasiyası və enerji saxlanc sistemlərinin tətbiqi; enerji təchizatı sistemlərinin təkmilləşdirilməsi; enerji səmərəliliyinin artırılması", - R.Hümbətova əlavə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: