Qazaxıstan nəqliyyat nazirinin müavini Maksat Kaliakparov, Gürcüstan infrastruktur nazirinin birinci müavini Vaxuşti Baqrationi və bu ölkənin Astanadakı səfiri Levan Diasamidze arasında keçirilən görüşdə tranzit dəhlizlərinin inkişafı, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, müvafiq qurumlar arasında təcrübə mübadiləsi məsələləri müzakirə edilib.
NUHÇIXAN Qazaxıstan Nəqliyyat Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşdə Orta Dəhlizin Avropa ilə Asiya arasında əsas marşrut kimi roluna xüsusi diqqət yetirilib.
Maksat Kaliakparov Astananın Tbilisi ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu, Vaxuşti Baqrationi isə Qazaxıstanın tranzit tərəfdaşı kimi strateji əhəmiyyətini vurğulayıb.
Danışıqlardan sonra tərəflər perspektivli layihələr üzrə əməkdaşlığa hazır olduqlarını təsdiqləyiblər.
Orta Dəhliz kimi tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Çin ilə Avropa ölkələrini birləşdirir.