Kəlbəcərdə yüksək hündürlükdə ilkin gücü 240 MVt olacaq külək elektrik stansiyasının (KES) təməli qoyulub.
NUHÇIXAN Türkiyənin "Baltech Green LLC" şirkətinə istinadən xəbər verir ki, bununla Kəlbəcərin külək potensialının ölçülməsi prosesi başlayıb.
Hazırda iki küləkölçmə dirəyi işləyir və məlumat toplayır. Qısa zamanda onlara sahənin potensialını daha dəqiq qiymətləndirməyə imkan verəcək lidar sistemi də əlavə olunacaq.
Layihə "Kalbajar Energy" MMC birgə müəssisəsi tərəfindən həyata keçirilir.
Xatırladaq ki, ötən il noyabrın 20-də COP29 çərçivəsində Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, "Clean Energy Invest" MMC (AGEC-in törəmə şirkəti) və "Baltech Green" MMC arasında Kəlbəcər KES-in inkişafı ilə bağlı Anlaşma Memorandumu imzalanıb. Bu unikal layihə dəniz səviyyəsindən 3 100 metr yüksəklikdə həyata keçiriləcək və ən hündür KES olacağı gözlənilir. "Clean Energy Invest" və "Baltech Green" layihə üçün birgə müəssisə yaradıblar.
İlkin gücü 240 MVt olacaq KES-in 2028-ci ilin əvvəlində kommersiya fəaliyyətinə başlayacağı gözlənilir. Layihə gələcəkdə 600 MVt gücə çatmaq potensialına malikdir.
Azərbaycanın gözləntilərinə görə, 2027-ci ilə qədər ölkədə ümumi gücü təxminən 2 QVt olan səkkiz sənaye günəş və külək elektrik stansiyası tikiləcək. Layihələrə ümumi investisiyanın həcmi 2,8 milyard ABŞ dolları qiymətləndirilir və onlar xarici və yerli investisiyalar hesabına maliyyələşdiriləcək.
Bu planların həyata keçirilməsi hər il 5,3 milyard kVt/saat "yaşıl enerji" istehsalına, elektrik şəbəkəsində bərpa olunan enerjinin payının 32,6 %-ə çatdırılmasına, ildə 1,2 milyard kubmetr qaza qənaət edilməsinə, istixana qazlarının tullantılarının 2,5 milyon ton azaldılmasına imkan verəcək.
2030-cu ilə qədər Azərbaycan bərpa olunan enerjinin quraşdırılmış gücünü 6 QVt-a çatdırmaq niyyətindədir ki, bunun da 4 QVt-ının ixraca yönəldilməsi planlaşdırılır.