Birinci yarımildə Türk Dövlətləri Təşkilatının ÜDM-i 1 trilyon dolları ötüb

A- A A+

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dövlətləri Təşkilatının Katibliyi ilə birgə 8 dildə təqdim etdiyi “Türk iqtisadi icmalı”nın 2025-ci ilin ikinci rübünə dair buraxılışı nəşr edilib.

Mərkəzdən NUHÇIXAN-a bildirilib ki, cari ilin ikinci rübü Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr davamlı iqtisadi inkişaf nümayiş etdirib.

İİTKM-in Türk Dünyası Araşdırmalar Mərkəzi tərəfindən hazırlanan hesabata əsasən, TDT ölkələrinin ümumi ÜDM artım tempi orta hesabla 5,4 faizə çataraq qlobal artım tempini (2,3 faiz) iki dəfə üstələyib. TDT ölkələri üzrə ümumi ÜDM 1 trilyon 112,6 milyard dollar təşkil edib.

Türk dövlətlərində müşahidə olunan sürətli iqtisadi artım infrastruktur, enerji sektoru və rəqəmsal innovasiyalara qoyulan investisiyalarla dəstəklənib. Qazaxıstan, Türkmənistan və Özbəkistan müvafiq olaraq 6,2 faiz, 6,3 faiz və 7,2 faiz sürətli ÜDM artım tempi nümayiş etdirib. Şimali Kipr Türk Respublikasında (ŞKTR) 6,4 faiz, Qırğızıstanda 11,7 faiz artım qeydə alıb. Azərbaycanın iqtisadiyyatı 1,5 faiz, Türkiyə 3,6 faiz artım əldə edib. Macarıstan əsasən rəqəmsal və yaşıl sektorların inkişafı ilə 0,1 faiz artıma nail olub.

2025-ci ilin birinci yarısında qlobal ticarətdə artımın 1,7 faizə qədər azalmasına baxmayaraq, TDT ölkələri beynəlxalq ticarətdə güclü mövqeyini qoruyub, qlobal ticarət dövriyyəsinin 4,2 faizini təşkil edərək ümumilikdə 701,6 milyard dollara çatıb. Azərbaycan və Qazaxıstan davamlı ticarət profisitinə malikdir. Azərbaycanın ticarət profisiti 920 milyon dollar, Qazaxıstanın isə 7,68 milyard dollar olub. Özbəkistan tekstil, minerallar və kənd təsərrüfatı məhsulları hesabına ümumilikdə 29,1 faiz ixrac artımına nail olub.

Hesabat dövrü ərzində maliyyə sahəsində də əhəmiyyətli irəliləyişlər əldə edilib. Qazaxıstanın və Türkiyənin büdcə gəlirlərində artım olub. Artım əsasən hidrokarbon gəlirləri ilə yanaşı, vergi islahatları və infrastruktur maliyyələşməsi ilə də səciyyələnib. Qazaxıstanın dövlət gəlirləri 17,6 faiz artaraq 28,45 milyard dollara çatıb, Türkiyənin gəlirləri isə 149,58 milyard dollar təşkil edib. Azərbaycan büdcə gəlirlərində 5,1 faiz artım əldə edərək, ümumilikdə 11,65 milyard dollara çatıb, bu artım əsasən qeyri-neft sektorunun inkişafı ilə əlaqədardır.

Yaşıl və rəqəmsal iqtisadiyyata keçid TDT ölkələri üçün prioritet olaraq qalır. Qazaxıstan 2025-ci ildə bərpaolunan enerji layihələri üçün 3,2 milyard dollar ayırıb. Bu layihələrə günəş və külək enerjisi daxildir. Özbəkistan isə yaşıl istiqrazlar vasitəsilə davamlı infrastruktur layihələrini maliyyələşdirmək üçün 1 milyard dollar toplayıb. Azərbaycan yaşıl enerji və rəqəmsal infrastruktur sahəsində investisiyalarını sürətləndirərək, xüsusilə ağıllı idarəetmə və elektron hökumət xidmətlərinin inkişafına diqqət ayırır.

Rəqəmsal transformasiya da yüksək prioritet təşkil edir. Qazaxıstanın rəqəmsal iqtisadiyyatı 2025-ci ildə ÜDM-nin 9,2 faizini təşkil edir, Türkiyə isə ağıllı şəhər təşəbbüslərində irəliləyişlərə nail olub. Azərbaycanda Zəngəzur və Qarabağ iqtisadi zonalarında transformativ ağıllı şəhərlər və kəndlər inkişaf etdirilir.

TDT ölkələrinin yaşıl texnologiyalar, rəqəmsal infrastruktur və qeyri-neft sektorlarında investisiyalara fokuslanmağa davam etməsi gözlənilir. Orta Dəhlizin inkişafı Asiya və Avropa arasında ticarət əlaqələrini gücləndirməkdə mühüm strateji əhəmiyyətə malikdir. TDT çərçivəsində regional əməkdaşlıq rəqabət qabiliyyətini, davamlılığı və texnoloji yeniliyi artırmaq üçün vacib olacaq. Bununla yanaşı, qlobal səviyyədəki geosiyasi gərginliklər və enerji qiymətlərinin dalğalanması kimi çətinliklər diqqətlə idarə edilməli, iqtisadi sabitlik və artımın davamlı olması təmin olunmalıdır.

2025-ci ilin ikinci yarısı üçün TDT regionu ümidverici iqtisadi mənzərə təqdim edir. Regional inteqrasiya, yaşıl enerji və rəqəmsal transformasiya əsas inkişaf drayverləri olaraq qalır. Türk Dövlətləri həm davamlılıq, həm də innovasiya sahələrində lider olmaq üçün əhəmiyyətli addımlar ataraq qlobal güc mərkəzlərindən birinə çevrilmə istiqamətində irəliləyir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: