Naxçıvan Muxtar Respublikasında artıq yeni inkişaf mərhələsinin əsaslarını qoyulub. Burada əldə edilən uğurlar yeni ideya və təşəbbüslərə söykənərək, qeyri-neft və turizm sektorlarının davamlı perspektivlərinə hədəflənib. Artıq hər iki sahə üzrə infrastruktur təmin olunaraq muxtar respublikanın bütün ərazilərini əhatə etməkdədir. İqtisadiyyatın sənaye əhəmiyyətinin artırılması məqsədləri və ərzaq təhlükəsizliyinin etibarlığının yüksəldilməsi zərurəti nəqliyyat, tikinti, rabitə və digər sahələrin davamlı, eyni zamanda əlaqəli inkişafını şərtləndirmiş və bunlar makroiqtisadi siyasətin də səmərəliyini daha da çoxaltmışdır. Qeyd edək ki, bu sahədəki tədbirlərin nəticəsində məhsul istehsalının stimullaşdırılması təmin edilib. Bu isə istehsaldan istehlaka qədər olan proseslərin arasıkəsilməzliyini sürətləndirib. Ən ucqar kəndlərdə belə istehsal və sosial infrastrukturun inkişaf etdirilməsi həmin ərazilərdə ailə təsərrüfatlarının fəaliyyətində çox zəruri hərəkətverici təsirə malik olmaqla, kiçik və orta sahibkarlığın inkişafı üçün zəmin yaradıb. Çox yaxşı haldır ki, qeyd edilən təminatlar məhsul itkisinin qarşısını almaqla, istehsalçı ilə alıcı, bazar arasındakı əlçatanlığı daha da möhkəmlətməklə, həmin proseslərə xidmət edən sahələrin təşəkkülünə təkan verib. Fikrimizi əsaslandırmaq üçün 2010-cu ildə uzunluğu 87 kilometr olan Naxçıvan-Sədərək, 2012-ci ildə uzunluğu 34 kilometr olan Naxçıvan-Culfa və 2014-cü ildə uzunluğu 88,8 kilometr olan Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yollarının istifadəyə verilməsini qeyd edə bilərik. Bu da, Azərbaycan Respublikasının və ona bağlı Naxçıvan Muxtar Respublikasının iqtisadi-istehsal münasibətlərinin inkişafına göstərdiyi davamlı diqqətin ən gerçək təsdiqidir.
Təbii ki, bunlar muxtar respublikanın sosial-iqtisadi inkişafındakı perspektivliyi, məqsədyönlülüyü və hədəfləri göstərməkdə, onun tarixiliklə müasirliyinin vəhdətini yaratmaqdadır. Uzun illərdir mövcud olan blokada vəziyyətinin neqativ təsirlərini məhdudlaşdıran bu nailiyyətlər muxtar respublikanın ulu öndərimiz böyük Heydər Əliyevin müdrik dövlətçilik ideyalarının gerçəkləşməsindəki rolunu daha da artırmaqdadır. Ölkə başçısı cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına hər dəfə tarixi gəlişi və buradakı sosial-iqtisadi inkişafı yüksək dəyərləndirməsi qeyd etdiklərimizi təsdiqləyir.
Müxtəlif illərdə Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi haqqında ölkə başçısı tərəfindən imzalanan Sərəncamlar burada milli iqtisadi quruculuq proseslərinə təkanverici təsir edəcək iqtisadiyyat formalaşmasına imkanlar açıb. Bəhs edilənlərlə yanaşı qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin:
- 30 may 2012-ci il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər məqsədilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 10,0 (on) milyon manat;
- 10 aprel 2014-cü il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 5,0 (beş) milyon manat;
- 2 dekabr 2015-ci il tarixdə Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında imzaladığı Sərəncamla Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 7,0 (yeddi) milyon manat;
- 12 yanvar 2017-ci il tarixdə imzaladığı Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncamla isə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 5,0 (beş) milyon manat ayrılıb.
Aydındır ki, ölkəmizdə müəyyən edilən prioritetlərə uyğun olaraq, sənayeləşmə siyasətinin səmərliliyi və milli iqtisadi perspektivlər üzrə strateji yol xəritələrinin icrası diqqət mərkəzində saxlanılmaqdadır. Belə bir inkişaf vəziyyətində ölkə başçısının göstərilən dövrlərdə təsdiq etdiyi həmin hüquqi aktlar muxtar respublikanın sözügedən proseslərdəki rolunu daha da artıracaqdır.
Hər birimiz üçün yaddaqalan gün kimi 16 may 2018-ci il tarixində ölkə başçısının növbəti tarixi gəlişi də muxtar respublikaya və burada sosial-iqtisadi inkişaf istiqamətində həyata keçirilən dövlət tədbirlərinə diqqət və qayğının ən gerçək ifadəsi idi. Qeyd edək ki, həmin tarixdə dövlət başçısı tərəfindən Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 10,0 (on) milyon manat ayrılması haqqında növbəti Sərəncam imzalandı.
Naxçıvan Muxtar Respublikası ölkə başçısını əvvəlki tarixi gəlişlərində də olduğu kimi bu dəfə də tam şəkildə qurulan və istifadəyə hazır olan obyektlərlə qarşıladı. Bunlar da muxtar respublikanın:
- ölkənin ərazi bütövlüyünün bərpa edilməsi üçün hər an hazır olacaq hərbi potensiala malik olduğunun;
- enerji təhlükəsizliyinin təminatı və qorunmasındakı çevikliyinin;
- əhalinin ərzaq məhsulları ilə etibarlı təminatının;
- içməli və suvarma su sistemlərinin (şəbəkəsinin) milli iqtisadiyyat üçün yararlığının artırılmasının;
- infrastruktur quruculuğundakı yetkin təşkilatlanmasının;
- insan amilinin üstün tutulması, onun savadlanması, dünya görüşünün artması, potensial kimi inkişafı və bir kapital olaraq qorunmasındakı aktuallığın dövlətin sosial siyasətində yerinin əhəmiyyətini bir daha bəyan edirdi.
Bütün bunların ən gerçək ifadəsi olaraq, ölkə başçısının imzaladığı Sərəncamlara əsasən Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə Culfa–Ordubad avtomobil yolunun yenidən qurulması işlərinin həyata keçirilməsi məqsədilə 30 milyon manat, Gücü 36 meqovat olan Ordubad Su Elektrik Stansiyasının tikintisinin davam etdirilməsi məqsədilə 10 milyon manat, həmçinin, muxtar respublikada aqrar sahədə aparılan uğurlu islahatların davam etdirilməsinin vacibliyini nəzərə alaraq “Pivot” layihəsi çərçivəsində min hektar əkin sahəsində müasir suvarma – yağışyağdırma sistemlərinin quraşdırılması işlərinin davam etdirilməsi məqsədi ilə 5 milyon manatın Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılması məhz sözügedən istiqamətdəki məqsədyönlü tədbirlərin davamlılığının ifadəsidir.
Ölkəmiz iqtisadiyyatın inkişafında yeni səhifələrin açılması istiqamətində qətiyyətli addımlar atmaqdadır. Bu, qeyri-neft sektorunun davamlı və uzaq gələcəyə istiqamətlənmiş inkişaf tədbirlərindən ibarət olub, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının məqsədyönlü və uğurlu icra mexanizmini özündə əks etdirməklə, sənayeləşmə siyasətinin yüksək perspektivlərə malik olması ilə ifadə olunmaqdadır.
Xüsusilə, 2003-cü ildən hüquqi əsasları müəyyən edilən, 2004-cü ildən isə uğurlu icrasına başlanılan “Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları” hazırda da üçüncü inkişaf mərhələsində olmaqla, Naxçıvan Muxtar Respublikasında milli iqtisadi maraqlara xidmət edən təkmil bir iqtisadiyyat yaradıb. Qeyd edək ki, təkcə 2004-2008-ci illəri əhatə edən eyni adlı Dövlət Proqramında muxtar respublikanın sosial-iqtisadi inkişafı üçün 57, 2009-2013-cü illər üzrə isə 46 mərhələdə tədbir həyata keçirilib. Bu göstərici hazırda da 2014-2018-ci illər üzrə Dövlət Proqramında 57 mərhələdə uğurla icra olunmaqdadır.
Naxçıvan Muxtar Respublikasında iqtisadi sahədə sağlam şəraitin, məhsuldar nəticələrin, cari və perspektiv inkişaf üçün əlverişli mühitin davamlılığını təmin etmək məqsədilə Ali Məclis Sədrinin 2014-cü il 1 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının da müstəsna əhəmiyyəti vardır.
Beləliklə, Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının uzunmüddətli sosial-iqtisadi inkişaf strategiyasından kifayət dərəcədə bəhrələnməkdədir. Təbii ki, bu tədbirlərin hər biri, muxtar respublikanın hərtərəfli inkişafının müasir dövrün tələblərinə dolğun şəkildə uyğunlaşdırılmasına istiqamətləndirməklə yanaşı, həm də uzaq gələcək üçün makroiqtisadi hədəf və prioritetlərə doğru olan yolda mükəmməl istinad mənbəyini təşkil edəcəkdir.
Cavadxan QASIMOV
İqtisad üzrə fəlsəfə doktoru, dosent