Azərbaycan və Küveyt arasında iqtisadi, investisiya və ticarət əlaqələrinin genişləndirilməsi müzakirə edilib - FOTOLAR
Küveyt dövlətinə işgüzar səfər çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Küveyt dövlətinin maliyyə naziri, elektrik enerjisi, su və bərpaolunan enerji naziri, eyni zamanda iqtisadi məsələlər və sərmayə üzrə dövlət naziri vəzifəsini icra edən və Küveyt İnvestisiya Qurumunun Direktorlar Şurasının sədri Subaih Abdul Əziz Abdul Muhsen Al-Muxaizim ilə görüşüb.
İqtisadiyyat Nazirliyindən NUHÇIXAN-a bildirilib ki, görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin genişləndiyi vurğulanıb, ticarət və sərmayə sahələrində əməkdaşlıq potensialını tam reallaşdırmaq üçün əlverişli imkanlar dəyərləndirilib.
Vurğulanıb ki, Azərbaycan Körfəz ölkələri, o cümlədən Küveytlə iqtisadi-ticarət əlaqələrinin dərinləşdirilməsinə və yeni əməkdaşlıq mexanizmlərinin yaradılmasına böyük önəm verir. Ənənəvi və bərpaolunan enerji, ticarət, kənd təsərrüfatı, turizm, nəqliyyat və tranzit sektorlarında işbirliyi imkanları qeyd edilib. Azərbaycanın investorlar üçün təqdim etdiyi hüquqi təminatlar və əlverişli biznes mühiti barədə məlumat verilib. Qarşılıqlı investisiyaların təşviqi və prioritet layihələr üzrə birgə fəaliyyət perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Mikayıl Cabbarov Küveyt dövlətinə işgüzar səfəri çərçivəsində Küveyt Ticarət və Sənaye Palatasının baş direktoru Rabah Abdulrahman Al-Rabah ilə görüş keçirib. Görüşdə ticarət dövriyyəsinin və qarşılıqlı investisiyaların artırılması, biznes dairələri arasında dialoqun təşviqi barədə müzakirələr aparılıb, ortaq təşəbbüslərin təşviqinin vacibliyi vurğulanıb. Bildirilib ki, hazırda Azərbaycanda Küveyt sərmayəli şirkətlər sənaye, tikinti, ticarət, xidmət və digər sahələrdə uğurla fəaliyyət göstərir və bu, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın real nəticəsidir. Görüşdə iqtisadi əlaqələrin gündəliyinin genişləndirilməsinin, enerji, sənaye zonaları və birgə istehsal üzrə əməkdaşlığın əhəmiyyəti vurğulanıb, qarşılıqlı maraq doğuran yeni əməkdaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.
Küveyt Ticarət və Sənaye Palatası (KCCI) və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) birgə təşkilatçılığı ilə Küveyt şəhərində iki ölkənin özəl və dövlət qurumlarının iştirakı ilə Küveyt-Azərbaycan dəyirmi masası keçirilib.
Mikayıl Cabbarov Azərbaycan və Küveyt arasında iqtisadi sahədə birgə fəaliyyətin səmərəliliyinin artırılması imkanlarından bəhs edib. Nəzərə çatdırılıb ki, Azərbaycan və Küveyt iş adamları arasında əməkdaşlığın dərinləşdirilməsi ölkələrimizin iqtisadi potensialının daha səmərəli reallaşdırılmasına töhfə verəcək.
Tədbirdə enerji, sənaye, kənd təsərrüfatı, nəqliyyat, logistika, turizm kimi prioritet sahələrdə əməkdaşlığın təşviqinə dair müxtəlif mexanizmlər nəzərdən keçirilib. AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və KCCI-nın baş direktorunun müavini Emad Al-Zeyd ölkələrimiz arasında iqtisadi əməkdaşlıq imkanları barədə geniş məlumat veriblər. Tədbirdə iştirak edən Azərbaycan şirkətlərinin nümayəndələri fəaliyyətləri haqqında məlumat verib, hər iki tərəfin işgüzar dairələri arasında fikir mübadiləsi aparılıb.