Araz dəhlizinin vacib komponenti olan körpünün tikintisinin bu ilin sonuna kimi yekunlaşması nəzərdə tutulur.
NUHÇIXAN xəbər verir ki, bu barədə Baş nazirin müavini Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan, Rusiya və İran hökumət nümayəndələrinin üçtərəfli görüşündə çıxışı zamanı məlumat verib.
Onun sözlərinə görə, 2022-ci ilin mart ayında Azərbaycan və İran arasında imzalanmış Hökumətlərarası Anlaşma Memorandumuna əsasən Araz çayı üzərində inşası davam edən Ağbənd-Kəlalə yeni avtomobil körpüsü regionun strateji nəqliyyat infrastrukturunun mühüm hissəsinə çevriləcək.
Ş.Mustafayev qeyd edib ki, Araz dəhlizinin vacib komponenti olan körpünün tikintisinin bu ilin sonuna kimi, müvafiq sərhəd-gömrük infrastrukturu ilə birlikdə isə gələn ilin birinci rübündə yekunlaşdırılması nəzərdə tutulub.
Baş nazirinin müavini həmçinin vurğulayıb ki, Horadiz-Ağbənd avtomobil və dəmir yollarının da gələn il ərzində tikintisinin başa çatdırılması planlaşdırılır:
"Bu vacib nəqliyyat infrastrukturu həm Şərq-Qərb, həm də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yeni qolunu təşkil etməklə yanaşı, Fars Körfəzini Qara Dənizlə bağlayacaq yeni marşrut rolunu oynayacaq".