Qazaxıstan Azərbaycanla neft məhsullarının tədarükü üzrə uzunmüddətli müqavilələrin imzalanmasında maraqlıdır
Qazaxıstan Azərbaycanın Zəngəzur dəhlizinin reallaşdırılması təşəbbüsünü dəstəkləyir, onu bütöv və dayanıqlı nəqliyyat arxitekturasının formalaşmasının mühüm elementi kimi qiymətləndirir.
NUHÇIXAN xəbər verir ki, bu sözləri Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 21-ci iclasında çıxışı zamanı deyib.
Nazir ötən həftə Qəbələdə Türkdilli Dövlətlərin Təşkilatı sammiti çərçivəsində göstərilən qonaqpərvərliyə görə Azərbaycan tərəfinə təşəkkürünü ifadə edib və cari iclasın səmimi tərəfdaşlıq atmosferində keçdiyini qeyd edib.
“Bu gün iclasda hər iki tərəfdən yüksək səviyyəli və geniş tərkibli nümayəndə heyətləri iştirak edir. Görüşün məzmununu operativ və keyfiyyətli şəkildə işləyib hazırladıq, bu da bir daha qardaş xalqlarımız arasında dostluq və səmimi münasibətlərin göstəricisidir. Son illərdə iki ölkə arasında ticarət dövriyyəsi davamlı artım nümayiş etdirir və xüsusi diqqət nəqliyyat-logistika əməkdaşlığına yönəlib. Qazaxıstan və Azərbaycan Asiya ilə Avropanı birləşdirən Orta Dəhlizin əsas həlqələridir. 2024-cü ilin yekunlarına əsasən, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TMTM) üzrə konteyner daşımalarının həcmi təxminən 3 dəfə, cari ilin 8 ayında isə 2 dəfə artıb. Bu marşrutun daha da inkişaf etdirilməsi və səmərəliliyinin artırılması üçün bütün səylər göstərilməlidir”, – deyə qazax nazir bildirib.
Energetika sahəsində münasibətlərin strateji xarakter daşıdığını bildirən Nurlan Sauranbayev SOCAR və “KazMunayGaz” arasında Xəzərdənkənar neft nəqli sahəsində uğurlu əməkdaşlığı yüksək qiymətləndirib. Onun sözlərinə görə, 2023-cü ildən etibarən bu marşrutla təxminən 3,4 milyon ton Qazaxıstan nefti daşınıb.
Nazir, həmçinin Qazaxıstanın Azərbaycan tərəfindən müxtəlif neft məhsullarının tədarükü üzrə uzunmüddətli müqavilələrin imzalanmasında maraqlı olduğunu və 2024-cü ilin noyabrında Bakıda Qazaxıstan, Azərbaycan və Özbəkistan arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlıq haqqında imzalanmış üçtərəfli sazişin icrasının vacibliyini vurğulayıb. O, həmçinin rəqəmsal sahədə əməkdaşlığın əhəmiyyətini qeyd edərək Xəzərin dibi ilə fiber-optik kabel xəttinin çəkilməsinin kibertəhlükəsizliyi gücləndirəcəyini və ölkələr arasında birbaşa rəqəmsal rabitə kanalının yaradılmasına şərait yaradacağını bildirib: “Biz, həmçinin süni intellekt sahəsində tədqiqat və inkişaf mərkəzlərinin yaradılması üzərində azərbaycanlı qardaşlarımızla birgə işləməyə hazırıq. Bu, təkcə texnologiya mübadiləsi deyil, həm də rəqəmsal etimad körpüsünün qurulmasıdır”.
Nazir kənd təsərrüfatı, təhsil və humanitar sahələrdə uğurlu əməkdaşlığı qeyd edərək bildirib ki, Azərbaycan-Qazaxıstan arasında dostluq və strateji tərəfdaşlıq bütün istiqamətlərdə daha da möhkəmlənir.