Naxçıvanda “Rəqəmsal gələcəyə doğru: POS-terminal, NKA və əmək münasibətlərində transformasiya” mövzusunda tədbir keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Biznes Mərkəzində Naxçıvan şəhərində fəaliyyət göstərən sahibkarlarla vergi inzibatçılığının təkmilləşdirilməsi və rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində görülən işlər çərçivəsində “Rəqəmsal gələcəyə doğru: POS-terminal, nəzarət-kassa aparatı (NKA) və əmək münasibətlərində transformasiya” mövzusunda görüş keçirilib.  

Tədbirdə POS terminalların və nəzarət-kassa aparatlarının tətbiqi, onların vergi intizamının gücləndirilməsində və kölgə iqtisadiyyatının azaldılmasındakı rolu və avadanlıqların istifadəsində yeniliklər, inteqrasiya mexanizmləri və sahibkarlar üçün yaradılan texniki dəstək imkanları barədə ətraflı məlumatlar verilib. Bildirilib ki, yeni nəsil NKA-lar Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş proqram aparat kompleksidir. Əvvəlkilərdən fərqli olaraq, bu kassa aparatları kassa çeki vurulduğu anda məlumatları nəzarət mexanizmi qurğusunun yaddaşında saxlamaqla yanaşı, Dövlət Vergi Xidmətinin informasiya bazasına ötürür. Yeni nəsil kassa aparatlarının mühasibat uçotunun aparılması, vergidən yayınmanın qarşısının alınması, vergi inzibatçılığının təkmilləşdirilməsi və texniki baxımdan bir çox üstünlükləri vardır. Qeyd olunub ki, POS-terminalların və nəzarət-kassa aparatlarının tətbiqi sahibkarların öhdəliklərindəndir. POS-terminalların və nəzarət-kassa aparatlarının  tətbiqi müasir dövrdə sahibkarlıq fəaliyyətində şəffaflığın təmin olunması, vergi intizamının gücləndirilməsi və müştəri məmnuniyyətinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu tələblər sahibkarların dövriyyələrinin şəffaf uçotunun aparılmasına, alıcıların hüquqlarının qorunmasına və vergi inzibatçılığının təkmilləşdirilməsinə xidmət edir.  

Eyni zamanda, tədbirdə əmək münasibətlərinin rəsmiləşdirilməsi ilə bağlı məsələyə də diqqət yetirilərək bildirilib ki, məşğulluğun yüksək səviyyədə olması üçün əmək bazarında münasibətlərin qanunvericilik çərçivəsində qurulması və işəgötürənlərlə işçilər arasında əmək müqaviləsinin bağlanılması vacibdir. Bu həm işçilərin sosial təminatının qorunmasına, həm də müəssisələrin fəaliyyətinin şəffaflığına xidmət edir. Qeyd olunub ki, əmək münasibətlərinin rəsmiləşdirilməməsi həm vergi, həm də sosial sığorta öhdəliklərinin pozulmasına gətirib çıxarır və inzibati məsuliyyət yaradır. Bu səbəbdən, sahibkarların bu istiqamətdə məsuliyyətli davranması, mövcud qanunvericiliyin tələblərinə riayət etməsi vacibdir.

Sonda sahibkarlar mövzu ilə bağlı fikirlərini bildirib, təkliflərini səsləndiriblər və rəqəmsallaşmanın tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: