AYNA: Kvotanın tətbiqi keyfiyyətli taksi xidmətinin təmin olunmasına töhfə verəcək

A- A A+

Nazirlər Kabinetinin taksi ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin sayına məhdudiyyətlər tətbiq edilməsi haqqında qərarına əsasən, Bakı şəhəri üzrə bu say həddi 25 min ədəd müəyyən edilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) NUHÇIXAN-a bildirilib ki, “Avtomobil nəqliyyatı haqqında” Qanuna əsasən, taksi minik avtomobilləri ilə sərnişindaşıma fəaliyyətə göstərmək istəyən hüquqi və fiziki şəxslər daşımaya icazə üçün buraxılış vəsiqəsi, daşımaları yerinə yetirmək üçün taksi nəqliyyat vasitələrinə isə buraxılış vəsiqəsinin əlavəsi hesab olunan buraxılış kartı almalıdırlar.

Kvotanın tətbiqi paytaxtda avtomobil nəqliyyatı xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması, ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə daşımalarda nəqliyyat növləri üzrə sərnişin axınlarının paylanmasının optimallaşdırılması məqsədini daşıyır və “Avtomobil nəqliyyatı haqqında” Qanunun müvafiq maddəsinə uyğun olaraq tənzimlənir. Nəqliyyat növləri arasında balanslaşdırılmış daşıma siyasətinin təmin edilməsi üçün kvota tətbiqi təcrübəsi dünya ölkələrində də geniş istifadə olunur.

“Məlumat üçün bildiririk ki, taksi sahəsində islahatların başlanıldığı ötən dövr ərzində mühüm nəticələr əldə olunub. Belə ki, taksi ilə sərnişin daşımaları sahəsində icazələrin tətbiqinə və bu istiqamətdə fəaliyyət göstərən daşıyıcıların və onların nəqliyyat vasitələrinin müvafiq qaydada uçotuna başlanılıb, davamlı nəzarətin qurulması təmin edilib. Taksi fəaliyyəti göstərən sürücülər isə peşəkar səviyyələrinin yüksəldilməsi məqsədilə xüsusi hazırlıq proqramlarına əsaslanan təlimlərə cəlb olunub və imtahan nəticəsində şəhadətnamələr əldə edərək sərnişindaşımaları həyata keçirməyə başlayıblar. Bütün proseslərə tam nəzarətin təmin edilməsi məqsədilə “E-taksi” alt sistemi yaradılıb. Bütün taksi icazələri fiziki təmas olmadan onlayn qaydada həyata keçirilir. İslahatların həyata keçirilməsindən əvvəl taksi parkının 62 faizinin istismar müddəti 15 ildən artıq olduğu halda, islahatlardan ötən qısa zaman kəsiyində mühüm nailiyyət əldə olunub və artıq taksi parkının 67 faizinin istismar müddəti 8 il təşkil edir. Görülən tədbirlər nəticəsində taksi parkı yeni və ekoloji baxımdan təmiz avtomobillərlə əvəz olunub”, - deyə AYNA-nın açıqlamasında bildirilib.

Qurumdan o da bildirilib ki, 14 oktyabr tarixinə olan məlumata əsasən, taksi daşımalarına Bakı şəhəri üzrə verilmiş buraxılış vəsiqələrinin sayı 19 min 554, nəqliyyat vasitələrinə verilmiş buraxılış kartlarının sayı isə 34 min 14-dür. Bu avtomobillərin təxminən 55 faizi və ya 18 min 825 ədədi son 5 ildə istehsal olunan nəqliyyat vasitələridir: “Əgər islahatlardan əvvəl taksi parkında fərqli nəqliyyat vasitələrini görmək mümkün idisə, islahatlar nəticəsində Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilmiş ağ və qırmızı rəngli nəqliyyat vasitələri artıq taksi parkının 79 faizini təşkil edir. Taksi fəaliyyəti sahəsində şəffaflığın və xidmət keyfiyyətinin daha da artırılması məqsədilə yeni elektron mexanizmlərin tətbiqi həyata keçirilir (sürücü və nəqliyyat vasitəsinin tanınması, taksi üçün “rəqəmsal əkiz”). Hazırda texnoloji həllər vasitəsilə ümumi nəzarətin artırılması üzərində iş aparılır. Bu günədək həyata keçirilən islahatlar özünü doğruldub və mühüm nailiyyətlər əldə olunub. Hazırda isə kvotanın tətbiqi nəqliyyat növləri arasında balanslaşdırılmış siyasətin həyata keçirilməsinə şərait yaratmaqla yanaşı keyfiyyətli taksi xidmətinin təmin olunmasına öz töhfəsini verəcək”.

Qeyd edək ki, kvotanın tətbiqi verilmiş icazələrin kvotadan artıq hissəsinin ləğvini nəzərdə tutmur və hazırda icazə almış bütün daşıyıcılar onlara məxsus nəqliyyat vasitələri ilə daşımaları həyata keçirməyə davam edəcəklər. Kvotaya uyğunlaşma isə “Lisenziyalar və icazələr haqqında” Qanunun müəyyən etdiyi tələblərə uyğun həyata keçiriləcək. Yeni icazələrin verilməsi növbəlilik əsasında təmin ediləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: