Cari ilin yanvar – sentyabr ayları ərzində vergi orqanlarına ümumilikdə 331 min 260 müraciət daxil olub.
Dövlət Vergi Xidmətindən NUHÇIXAN-a bildirilib ki, daxil olmuş müraciətlərdən 94,6 faizi ərizə, 5,3 faizi şikayət, 0,1 faizi təkliflərdən ibarət olub. Müraciətlərin 96,8 faizinin baxılması hesabat dövründə başa çatdırılıb, 3,2 faizi hazırda icradadır.
Baxılması yekunlaşmış müraciətlərin 53,9 faizi həll olunub, 44,1 faizi üzrə müvafiq izahat verilib, digərləri ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb. Daxil olmuş faktiki şikayətlərdən 5680-i həll edilib. Bunlar əsasən kameral vergi yoxlamaları, vergi mükəlləfiyyətləri, maliyyə sanksiyalarının silinməsi, şəxsi hesab vərəqələri, vergiödəyicisinin qeydiyyatı, sosial sığorta ödənişləri, vergi orqanı əməkdaşlarının hərəkəti (və ya hərəkətsizliyi), vergi borclarının silinməsi, borcun ödənilməsinə möhlət verilməsi, vergi bəyannamələri, riskli vergiödəyicisi statusu, ƏDV depozit hesabı və digər məsələlərlə bağlı olub.
Bu ilin yanvar – sentyabr ayları ərzində Dövlət Vergi Xidmətinin aparatında müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 591 vətəndaşın qəbulu təşkil edilib. Qəbul zamanı hər bir müraciətə fərdi yanaşılıb, vətəndaşların qanuni tələblərinin müsbət həlli üçün zəruri tədbirlər görülüb.