Son 20 ildə 5400 meqavat gücündə yeni generasiya mənbələri yaradılıb. Təkcə son 5-6 ildə istifadəyə verilən yeni stansiyaların ümumi gücü 3000 meqavatdan artıqdır.
“AzərEnerji”dən NUHÇIXAN-a bildirilib ki, bu sözləri 20 oktyabr - Energetiklər Günü ilə əlaqədar keçirilən tədbirdə “AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev deyib.
Onun sözlərinə görə, son illərdə görülən tədbirlər nəticəsində 1 kilovat-saat elektrik enerjisinin istehsalı üçün sərf olunan şərti yanacağın miqdarı 284 qramdan 240 qrama endirilib. Baba Rzayev qeyd edib ki, bununla 3,3 milyard kubmetr təbii qaza qənaət edilib və 6,4 milyon ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb.
“Bu gün Azərbaycan elektroenergetikası regionda bir çox inkişaf etmiş ölkələr üçün nümunə göstəriləcək səviyyəyə çatıb. Bu, Prezident İlham Əliyevin düşünülmüş və hərtərəfli hesablanmış enerji strategiyasının bariz nümunəsidir”, - deyə o vurğulayıb.
Energetiklər Günü ilə bağlı tədbirlər təkcə Bakıda deyil, regionlarda da keçirilib. “AzərEnerji” tərəfindən ölkənin ən böyük yarımstansiyası olan 500/330 kV-luq “Nəvahi Yaşıl Enerji Qovşağı” ərazisində ağacəkmə aksiyası təşkil olunub. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikası, Qarabağ Regional Elektrik Şəbəkəsi və “Energetiklər şəhəri” adlandırılan Mingəçevir də daxil olmaqla müxtəlif bölgələrdə bayram tədbirləri baş tutub.