Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi dövlət əmlakının özəlləşdirilməsinə dair 53 hərrac keçirib.
Bu barədə NUHÇIXAN-a Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, hərraclarda 8 nəqliyyat vasitəsi, 21 bələdiyyə torpağı, 2 fərdi ev, 8 qeyri-yaşayış sahəsi, 1 mənzil, 2 yer təki, 11 adda xammal və material satılıb.
Bundan başqa, 9 ay ərzində Naxçıvanda dövlət mülkiyyətində olan əmlakın icarəyə verilməsi ilə bağlı ümumilikdə 368 müraciət daxil olub. Bunlardan 88-i torpaq sahələri, 280-i isə qeyri-yaşayış sahələri ilə bağlı olub. Nəticədə 63 torpaq sahəsi və 113 qeyri-yaşayış sahəsi üzrə yeni icarə müqaviləsi bağlanılıb, 131 müqavilənin isə müddəti uzadılıb.
Hesabat dövründə qüvvədə olan müqavilələr üzrə dövlət büdcəsinə torpaq sahələrinin icarəsindən 220 min manat, qeyri-yaşayış sahələrinin icarəsindən isə 274,2 min manat olmaqla, ümumilikdə 494,2 min manat vəsait ödənilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 70,6 % çoxdur.