Oktyabrın 1-nə Azərbaycan Respublikasının dövlət borcu (daxili və xarici dövlət borcu) 25 milyard 365,1 milyon manat və ya 2025-ci il üzrə 129 milyard 865,5 milyon manat məbləğində proqnozlaşdırılan ÜDM-in 19,5 faizini təşkil edib.
NUHÇIXAN Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, ümumi dövlət borcunun 8 milyard 318,3 milyon manatı (4 milyard 893,1 milyon dollar) və ya 32,8 faizi xarici dövlət borcunun, 17 milyard 46,8 milyon manatı və ya 67,2 faizi daxili dövlət borcunun payına düşür.
Hesabat tarixinə Azərbaycan Respublikasında dövlət borcunun idarəedilməsinə dair orta və uzun müddət üçün strategiyanın 2022-2025-ci illər üzrə yenilənməsi çərçivəsində müəyyən olunmuş dövlət borcunun ÜDM-ə nisbət göstəricisinin 30 faizdən çox olmaması və xarici dövlət borcunun 10 milyard dolları üstələməməsi üzrə yuxarı hədlər gözlənilib.
1 oktyabr tarixinə strategiyada nəzərdə tutulan faiz dərəcəsi riskinin məqbul səviyyədə saxlanılması məqsədilə dəyişkən faizli borcun ümumi borc portfelində payının 50 faizi keçməməsi üzrə hədəf gözlənilib və dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər ümumi borc portfelinin 16,1 faizini təşkil edib.
