Beynəlxalq Ticarət Mərkəzinin (BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) və Ümumdünya Ticarət Təşkilatı ilə birgə mandata malik çoxtərəfli agentlik) ötən il ilə bağlı açıqladığı məlumatlara görə, Azərbaycan dünyada xam pambıq yağı ixracatçıları arasında 3-cü olub. İlk iki pillədə isə Niderland və Özbəkistan qərarlaşıb.
NUHÇIXAN xəbər verir ki, Azərbaycanda kənd təsərrüfatı sektorunun əsas dayaqlarından biri olan pambıqçılıq güclü aqrar bazası, istehsal və ixrac həcmləri ilə seçilir.
2024-cü ilin sonuna ölkəmizdə pambığın əkin sahəsi 103,1 min hektar təşkil edib. Pambıq mahlıcının istehsalı ötən il 73 min ton, ipliyin istehsalı isə 18,5 min ton olub. Ölkəmizin əsas qeyri-neft ixracı məhsullarından biri olan pambıq mahlıcı 2024-cü ildə 178,2 milyon dollar dəyərində xaricə tədarük olunub. Əsas ixrac ölkələri Türkiyə və Türkmənistan olub.
Azərbaycanda pambıqçılıq sahəsinin şaxələnmiş dəyər zəncirinə keçidi çərçivəsində texniki pambıq istehsalına xüsusi önəm verilir. Texniki pambıq istehsalında məqsəd yüngül və qida sənayesinin inkişafına təminat verən pambıq məhsullarına olan tələbatı ödəməkdir. Texniki pambıqdan istehsal edilmiş çiyid texniki və qida məqsədləri üçün (pambıq yağı, yem və digər məqsədlər), mahlıc və digər pambıq məhsulları isə yüngül sənaye üçün, o cümlədən tibb, məişət və başqa sahələrdə işlənən malların istehsalında istifadə olunur.Bu xüsusda pambıq yağını qeyd etmək yerinə düşər. Pambıq toxumlarından əldə edilən bu yağ qida və kimya sənayesində geniş istifadə edilir. 2024-cü ildə Azərbaycanda 2,9 min ton saflaşdırılmamış pambıq yağı istehsal edilib.
Qeyd edək ki, ötən il Azərbaycan 1,9 milyon dollar dəyərində xam pambıq yağı ixrac edib ki, bu da əvvəlki illə müqayisədə 3 dəfəyədək çoxdur. Qlobal ixracda Azərbaycanın payı 5 faizə bərabər olub. Əsas ixrac bazarımız Türkiyə olub. Bununla yanaşı, pambıq yağı Tacikistan, Özbəkistan və Qırğızıstana tədarük olunub.
