Cari ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana Türkiyədən ixrac illik müqayisədə 7,4 faiz artıb.
NUHÇIXAN Anadolu Agentliyinə istinadla xəbər verir ki, hesabat dövrü ərzində Türkiyənin ən çox illik ixrac artımı olan ölkələr sırasında Azərbaycan üçüncü yerdədir.
Qeyd olunan dövrdə Türkiyə qonşuları Azərbaycan, Bolqarıstan, Gürcüstan, İran, İraq, Suriya və Yunanıstana ümumilikdə 22 milyard 926 milyon 591 min dollarlıq məhsul ixrac edib. Sözügedən məbləğ 2024-cü ildə təxminən 22 milyard 121 milyon 129 min dollar təşkil edib ki, bu da illik müqayisədə 3,6 faiz artım deməkdir.
Türkiyənin ən çox məhsul ixrac etdiyi ölkə 8,3 milyard dollarla İraq olub. Siyahıda İraqdan sonra 3,8 milyard dollarla Bolqarıstan, 3 milyard dollarla Yunanıstan, 2,1 milyard dollarla Gürcüstan qərarlaşıb.
İxracda “kimyəvi maddələr və məhsullar” sektoru birinci yeri tutub. Bu sektor üzrə 3,5 milyard dollarlıq məhsul ixrac edilib. Ən az ixrac isə 32,4 milyon dollarla “dekorativ bitkilər və məhsullar” sektoru qeydə alınıb.
Qeyd edək ki, Naxçıvanla bağlı rəsmi məlumat olmadığı üçün hesablamaya daxil edilməyib.
