Bu ilin yanvar–oktyabr ayları ərzində muxtar respublika üzrə istehlakçılara 1,4 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən NUHÇIXAN-a bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,1 faiz çoxdur.
Ümumiyyətlə, layihənin icrası müddətində istehlakçılara qaytarılan məbləğ 3,7 milyon manatdan çox olub.
Yeni nəsil nəzarət-kassa aparatlarından (NKA) istifadənin genişlənməsi hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin gücləndirilməsinə şərait yaradıb. 2025-ci ilin 10 ayında Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 409,8 milyon manatdan artıq olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 80,1 milyon manat və ya 24,3 faiz çoxdur.
