2025-ci ilin yanvar-oktyabr ayları ərzində vergiödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 492 min 470 şəxs qəbul edilib, onlara 786 min 753 sayda xidmət göstərilib.
Dövlət Vergi Xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, bunun da 276 mindən çoxu şifahi (müraciət etmiş şəxslərin vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar suallarının cavablandırılması), 177 mindən çoxu elektron (bəyannamələrin və hesabatların, habelə müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) xidmətlər olub.
Aşağıda qeyd olunan 9 xidmət dövr ərzində göstərilmiş ümumi (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) xidmətlərin 89,6 faizini təşkil edib:
- Bəyannamələrin (hesabatların), habelə cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;
- Vergiödəyicisinin fəaliyyətinin dayandırılması (bərpası);
- Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının ödənilməsi haqqında qəbzin verilməsi;
- Asan İmza sertifikatlarının verilməsi;
- Vergiödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;
- Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;
- Vergiödəyicisinə arayışların verilməsi;
-Fiziki şəxsin uçotdan çıxarılması;
- Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçota alınması (uçotdan çıxarılması).
Qeyd olunub ki, yanvar-oktyabr ayları ərzində vergiödəyicilərindən daxil olmuş 28,1 mindən çox yazılı müraciət cavablandırılıb, onlara 20,3 milyona yaxın məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Həmin dövr ərzində 3398 vergiödəyicisinin iştirakı ilə 318 görüş keçirilib, 4488 vergiödəyicisinə ünvanlı xidmət göstərilib.
Yanvar-oktyabr ayları ərzində ümumilikdə 275 min 862 müraciət üzrə 424 min 853 Asan İmza sertifikatı verilib.
