Doqquz ayda Azərbaycanın hüquqi və fiziki şəxsləri 173 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib

A- A A+

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 173 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 115 ölkəyə məhsul ixrac olunub, 168 ölkədən idxal edilib.

Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a bildirilib ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2025-ci ilin yanvar-sentyabr aylarında xarici ticarət dövriyyəsi 35 milyard 402,7 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 18 milyard 633,7 milyon dollar, idxalın dəyəri 16769 milyon dollar təşkil edib, nəticədə 1864,7 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 3,6 faiz artmış, real ifadədə 8,1 faiz azalıb. İdxal real ifadədə 8,3 faiz, ixrac isə 7,9 faiz azalıb. Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən xarici ticarət dövriyyəsinin 85,9 faizi İtaliya, Türkiyə, Rusiya, Çin, Almaniya, ABŞ, Birləşmiş Krallıq, Çexiya, Yunanıstan, Gürcüstan, Bolqarıstan, Qazaxıstan, Xorvatiya, Rumıniya, İsveçrə, İran, Portuqaliya, Ukrayna, Avstraliya, Özbəkistan və Belarus ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 19,9 faizi Çinin, 16,5 faizi Rusiyanın, 10,5 faizi Türkiyənin, 5,7 faizi ABŞ-ın, 4,3 faizi Birləşmiş Krallığın, 3,8 faizi Almaniyanın, 3 faizi Qazaxıstanın, 2,7 faizi İranın, hər biri 2,2 faiz olmaqla İtaliya və Avstraliyanın, hər biri 1,7 faiz olmaqla Meksika, Braziliya və Cənubi Afrika Respublikasının, hər biri 1,6 faiz olmaqla Özbəkistan və Yaponiyanın, hər biri 1,5 faiz olmaqla Koreya və Belarusun, 1,2 faizi Ukraynanın, 1,1 faizi İsveçrənin, hər biri 1 faiz olmaqla Fransa, Hindistan və İspaniyanın, 12,6 faizi isə digər ölkələrin payına düşüb.

İdxalda qiymətli metalların, azqiymətli metallar və onlardan hazırlanan məmulatların, maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, nəqliyyat vasitələrinin, kimya sənayesi məhsullarının, hazır ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, mineral məhsulların, bitki mənşəli məhsulların, tekstil materialları və məmulatlarının, plastmas və ondan hazırlanan məmulatların dəyəri üstünlük təşkil edib. 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2025-ci ilin yanvar-sentyabr aylarında mühüm məhsul növlərindən buğda idxalı 15,8 faiz, xam şəkər – 19,2 faiz, kartof – 18,3 faiz, təzə tərəvəz – 37,1 faiz, siqaretlər – 4 dəfə, minik avtomobilləri – 31,5 faiz, polad prokatı – 3,2 faiz, məişət kondisionerləri – 12,9 faiz, mebellər – 2,8 faiz, avtobuslar – 3,1 dəfə, polietilen – 19,5 faiz, mineral gübrələr – 0,7 faiz, qara metallardan çubuqlar – 2,9 faiz, polipropilen – 5,5 faiz, məişət soyuducuları – 18,5 faiz artıb, bitki yağları idxalı isə 15,9 faiz, kərə yağı, digər süd yağları və pastaları – 11 faiz, təzə meyvə – 14,5 faiz, şokolad və şokolad məhsulları – 2,6 faiz, unlu qənnadı məmulatları – 1,2 faiz, çay – 6,9 faiz, quş əti və onun əlavə məhsulları – 28,2 faiz, mal əti – 0,9 faiz, dərman vasitələri – 16,8 faiz, qara metallardan borular – 16,1 faiz, hesablama maşınları, blok və qurğuları – 8,7 faiz, ayaqqabılar – 4 faiz, rezin şinlər – 1,4 faiz, sintetik yuyucu vasitələr – 7,1 faiz, yük avtomobilləri – 3,4 faiz, paltaryuyan maşınlar – 7 faiz, qara metallardan künclüklər – 2,6 faiz, sement – 23,8 faiz azalıb.

2025-ci ilin yanvar-sentyabr aylarında ölkəyə 78205 ədəd minik avtomobili, 6030 ədəd yük avtomobili, 652 ədəd avtobus idxal olunub. İdxal olunan malların 50,5 faizini avtomobil, 30 faizini hava, 9,7 faizini dəniz, 9,5 faizini dəmir yolu nəqliyyatı ilə gətirilmiş, 0,3 faizini isə boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmiş məhsulların dəyəri təşkil edib. İxracın 45,8 faizini İtaliyaya, 13,9 faizini Türkiyəyə, 4,7 faizini Rusiyaya, 3,8 faizini Çexiyaya, 3,4 faizini Yunanıstana, 3,1 faizini Bolqarıstana, 2,9 faizini Xorvatiyaya, 2,7 faizini Gürcüstana, hər biri 2,5 faiz olmaqla Almaniya və Rumıniyaya, 2,1 faizini Portuqaliyaya, 1,6 faizini İsveçrəyə, 1,3 faizini Birləşmiş Krallığa, hər biri 0,9 faiz olmaqla İrlandiya və Ukraynaya, 0,8 faizini Niderlanda, hər biri 0,6 faiz olmaqla Serbiya və Tunisə, 0,5 faizini Fransaya, hər biri 0,4 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri, Tailand, İndoneziya, Çin və Qazaxıstana, 3,4 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

2025-ci ilin yanvar-sentyabr aylarında qeyri neft-qaz məhsullarının ixracı 2649,2 milyon dollar təşkil edib və 2024-cü ilin yanvar-sentyabr aylarına nisbətən faktiki qiymətlərlə 7,6 faiz artıb, real ifadədə isə 15,7 faiz azalıb. Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (33,2 faiz), Türkiyəyə (16,4 faiz), İsveçrəyə (9,4 faiz), Gürcüstana (9,2 faiz), Ukraynaya (5,6 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (3,0 faiz), Qazaxıstana (2,6 faiz), Belarusa (2,1 faiz), Özbəkistana (2,0 faiz), Türkmənistana (1,8 faiz), ABŞ-a (1,8 faiz), İtaliyaya (1,2 faiz), Çinə (1,2 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib. İxracın strukturunda xam neft, təbii qaz və neft-qaz məhsullarının, meyvə və tərəvəzlərin, plastmas və ondan hazırlanan məmulatların, kimya sənayesi məhsullarının, alüminium və ondan hazırlanan məmulatların, pambıq lifi və ipliyinin, qara metallar və onlardan hazırlanan məmulatların, alkoqollu və alkoqolsuz içkilərin, şəkərin, bitki yağlarının payı üstünlük təşkil edib.

2025-ci ilin yanvar-sentyabr aylarında 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 34,6 faiz, təzə tərəvəz – 16,1 faiz, şəkər – 56,8 faiz, siqaretlər – 24,4 faiz, kartof – 47 faiz, meyvə və tərəvəz şirələri – 2,6 faiz, bitki yağları – 24,8 faiz, çay – 1 faiz, mineral gübrələr – 4,5 faiz, polietilen – 6,7 faiz, emal olunmamış alüminium – 44,1 faiz, sement klinkerləri – 17,5 faiz, pambıq ipliyi – 21,4 faiz artıb, meyvə və tərəvəz konservləri ixracı isə 15,2 faiz, tütün – 51,3 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 25,7 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 27,3 faiz, pambıq lifi – 8 faiz, polipropilen – 1,7 faiz, elektrik enerjisi – 30,4 faiz, qara metallardan borular – 3,8 faiz, qara metallardan çubuqlar – 39,3 faiz, bentonit gili – 14,5 faiz azalıb.

2025-ci ilin yanvar-sentyabr aylarında ixracın 84,5 faizini boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmiş, 9,8 faizini avtomobil, 3,6 faizini dəmir yolu, 1,5 faizini hava, 0,6 faizini isə dəniz nəqliyyatı ilə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: