Bu ilin yanvar–oktyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasında dövlət əmlakının özəlləşdirilməsi, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə və icarəyə verilməsi, ipoteka predmeti olan əmlakın satışı və yerin təkindən istifadə ilə bağlı ümumilikdə 58 hərrac təşkil olunub. Hərraclar Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən şəffaflıq və rəqabət prinsipləri əsasında keçirilib.
Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, hərraclar nəticəsində dövlət mülkiyyətində olan 9 nəqliyyat vasitəsi, 8 qeyri-yaşayış sahəsi, 11 xammal və material özəlləşdirilib, bələdiyyələrə məxsus 15 torpaq sahəsi mülkiyyətə, 10 torpaq sahəsi icarəyə verilib. İpoteka predmeti olan 2 fərdi yaşayış evi, 1 mənzil satılıb. Bəhs olunan dövrdə yerin təkindən istifadə ilə bağlı 2 hərrac keçirilib.
2025-ci ilin yanvar–oktyabr aylarında həmçinin Naxçıvan Muxtar Respublikasında 84 dövlət əmlakı özəlləşdirilib. Dövlət əmlakının özəlləşdirilməsindən ümumilikdə 1,2 milyon manat vəsait daxil olub. Bu məbləğin 898 min manatı Naxçıvan Muxtar Respublikasının büdcəsinə yönəldilib. Eyni dövrdə muxtar respublika üzrə dövlət əmlakının registrindən 195 çıxarış verilib.
