Azərbaycan və İsrail arasında enerji və ticarət sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib - FOTOLAR
İsraildə keçirilən Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın 4-cü iclasında enerji, ticarət, investisiya, kənd təsərrüfatı və qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə əməkdaşlığa dair müzakirələr aparılıb.
NUHÇIXAN xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətinin İsrailə işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın 4-cü iclası keçirilib.
İclasda iqtisadiyyat naziri, Birgə Komissiyanın həmsədri Mikayıl Cabbarov vurğulayıb ki, Azərbaycan İsraillə əməkdaşlığı strateji baxımdan mühüm hesab edir və əlaqələrin daha da genişləndirilməsində maraqlıdır. İqtisadi, mədəni, humanitar və digər sahələrdə əlaqələrimiz son üç onillikdə dinamik inkişaf edib.
Qeyd olunub ki, Birgə Komissiya əməkdaşlığı daha da dərinləşdirmək üçün mühüm platformadır. İsraillə iqtisadi-ticarət əlaqələri də genişlənir. Ölkələrimiz arasında səmərəli investisiya tərəfdaşlığı mövcuddur. Hazırda Azərbaycanda sənaye, kənd təsərrüfatı, tikinti, ticarət və xidmət sahələri üzrə 125 İsrail kapitallı kommersiya qurumu fəaliyyət göstərir. Azərbaycan və İsrail şirkətləri maliyyə və qida texnologiyaları, kənd təsərrüfatı və səhiyyə sahələrində fəal iş həyata keçirir. Bu da Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və texnoloji inkişafı baxımından əhəmiyyətlidir. Kənd təsərrüfatı, qida, su və enerji texnologiyaları, dərman sənayesi, biotexnologiya və digər sahələrdə fəaliyyətin genişləndirilməsi üçün böyük potensial mövcuddur.
İqtisadiyyat naziri Azərbaycanda sərmayədarlar üçün yaradılan imkanlar, birbaşa xarici investisiyaların cəlbi istiqamətində görülən işlər və əldə edilən nəticələr barədə məlumat verib.
İsrailin Maliyyə Nazirliyində nazir, Birgə Komissiyanın həmsədri Zeev Elkin iki ölkə arasındakı əlaqələrin daha da gücləndirilməsi, yeni sahələrdə fəaliyyət imkanlarının araşdırılması baxımından tədbirin vacibliyini vurğulayıb. Qeyd olunub ki, Birgə Komissiya çərçivəsində müzakirələr müxtəlif sahələrdə qarşılıqlı faydalı nəticələr əldə olunmasında əhəmiyyət kəsb edir.
İclasda ikitərəfli əlaqələr, enerji, ticarət, investisiya, kənd təsərrüfatı, nəqliyyat, rəqəmsallaşma və qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə əməkdaşlığa dair müzakirələr aparılıb.
Yekunda Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın Dördüncü İclasının Protokolu imzalanıb.