Rəşad Nəbiyev: Zəngəzur dəhlizi “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas elementini təşkil edir
İqtisadi inkişafın əldə edilməsində dəmir yollarının rolu böyükdür. Azərbaycan yeni infrastruktur layihələri həyata keçirməklə MDB məkanında dəmir yollarının inkişafına töhfələr verib.
NUHÇIXAN xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev MDB Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclasında çıxışı zamanı bildirib.
O qeyd edib ki, Azərbaycan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı istiqamətində apardığı işlər sırasında Astarada tikilən yük terminalını nümunə göstərmək olar.
“2026-cı ildə bu yük terminalı tamamlanaraq istismara veriləcək. Zəngəzur dəhlizi “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas elementini təşkil edir və bu dəhlizin fəaliyyətə başlaması üçün infrastruktur layihələri həyata keçirilir. Dəhliz vasitəsilə ildə 15 milyon ton yük daşınması nəzərdə tutulub. Biz tərəfdaş ölkələrlə ümumi nəqliyyat siyasətini inkişaf etdirərək möhkəmləndiririk və əməkdaşlığı artırırıq. Nəqliyyat sektorunun inkişafı Azərbaycan üçün əhəmiyyətli xarakter daşıyır. Bu ilin sonuna kimi Sumqayıt-Yalama xəttinin yenilənməsi, Ələt-Osmanlı-Astara xətində isə bərpa işləri başa çatdırılacaq. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı üçün də İran ilə əməkdaşlıq əlaqələrini davam etdiririk”, - deyən nazir vurğulayıb ki, bu layihə region ölkələrinin nəqliyyat tranzit sisteminin inkişafına təkan verəcək.
Nazir onu da əlavə edib ki, Astara terminalının tikintisi yekunlaşmaq üzrədir və İran bu terminalı 25 il müddətinə Azərbaycanın istifadəsinə verəcək.
