Bakıda MDB Dəmiryol Nəqliyyatı Şurasının 83-cü iclası keçirilib - FOTOLAR

A- A A+

Bakıda Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçı dövlətlərinin Dəmiryol Nəqliyyatı Şurasının 83-cü iclası keçirilib.

NUHÇIXAN xəbər verir ki, tədbirdə Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Gürcüstan, İran, Ermənistan, Latviya və Estoniya dəmiryol administrasiyalarının, eləcə də Dəmir Yolları Əməkdaşlıq Təşkilatı (OSJD), MDB-nin İcraiyyə Komitəsi, Dəmiryolçuların Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının rəhbər heyəti iştirak edib.

İclasda çıxış edən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov MDB ölkələri arasında nəqliyyat və logistika sahəsində əməkdaşlığın regionun iqtisadi inteqrasiyasının əsas amillərindən biri olduğunu, dəmir yolu nəqliyyatında qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinin bütövlükdə regionun sabit inkişafına xidmət etdiyini vurğulayıb.

ADY sədri qeyd edib ki, son illərdə Azərbaycan ərazisindən keçən beynəlxalq dəhlizlərin inkişafı istiqamətində genişmiqyaslı işlər görülüb. Bakı–Tbilisi–Qars dəmir yolu, Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizi üzrə strateji layihələr Azərbaycanın qlobal nəqliyyat xəritəsində aparıcı mövqeyini təmin edib: “ADY Orta Dəhliz üzrə əməliyyatların daha da səmərələşdirilməsi üçün infrastruktur quruculuğu istiqamətində işlərini davam etdirir, o cümlədən Şərq-Qərb istiqamətində əsas magistral dəmir yolu olan Bakı–Böyük Kəsik xəttinin dəyişən cərəyana keçidi üzrə işlər uğurla aparılır. Bakı–Tbilisi–Qars dəmir yolu artıq Avropa ilə Asiya arasında etibarlı körpü kimi fəaliyyət göstərir. BTQ xəttinin modernləşdirilməsindən sonra bu xəttin yükötürmə qabiliyyəti illik 1 milyondan 5 milyon tonadək artırılıb. Şimal-Cənub dəhlizinin Azərbaycandan keçən hissəsinin mühüm seqmenti olan Sumqayıt–Yalama dəmir yolu xəttinin yenidən qurulması işləri ilin sonunadək başa çatdırılacaq. Həmçinin ADY İran ərazisində Astara Terminalının tikintisi üzrə əsaslı işlər görüb və terminalın inşası 2026-cı ilin 1-ci rübündə tamamlanacaq”.

R.Rüstəmov bildirib ki, cari ilin fevral ayından ADY-yə inteqrasiya edilən Bakı Beynəlxalq Dəniz Limanı bu gün yalnız Azərbaycanın deyil, bütövlükdə regionun qlobal ticarət zəncirinə inteqrasiyasını təmin edən əsas qovşaqlardan biridir. Orta Dəhlizin dayanıqlı və səmərəli fəaliyyətinin əsas dayaqlarından olan Bakı Limanının buraxılış qabiliyyətinin ildə 15 milyondan 25 milyon tona çatdırılması planlaşdırılır.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev isə çıxışında deyib ki, Azərbaycan üzv ölkələrlə birgə nəqliyyat siyasətinin inkişafına, logistika zəncirinin rəqabətqabiliyyətinin artırılmasına və yeni marşrutların formalaşdırılmasına böyük önəm verir. Nazir 2024-cü il dekabrın 21-də Moskva şəhərində Azərbaycan və Rusiya arasında imzalanmış “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş”in əhəmiyyətindən, eləcə də Şimal-Cənub və Orta Dəhlizin Azərbaycandan keçən hissəsi üzrə dəmiryol infrastrukturunun təkmilləşdirilməsi üçün görülən işlərdən danışıb.

Qeyd edilib ki, son illərdə ölkəmizdə aparılan genişmiqyaslı infrastruktur layihələri regionun tranzit xəritəsini əhəmiyyətli dərəcədə dəyişib. Yenilənən dəmir yolu xətləri, müasir terminallar və rəqəmsal idarəetmə sistemləri nəqliyyatın səmərəliliyini və təhlükəsizliyini artırır.

İclasda gündəlikdə dayanan məsələlər müzakirə edilib. Müzakirələrin əsas mövzusunu MDB dəmir yolu şəbəkəsinin 2025-ci ilin ilk doqquz ayındakı fəaliyyəti, beynəlxalq sərnişin daşımalarının inkişafı, beynəlxalq daşımalar üçün yük və konteyner qatarlarının formalaşdırılması, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, 2026-cı il üçün beynəlxalq yükdaşıma tarifi siyasəti, maliyyələşmə, elmi-tədqiqat və təkmilləşdirmə proqramları və digər məsələlər təşkil edib.

İştirakçılar region üzrə logistika proseslərində şəffaflıq və sinxronlaşmanın artırılmasının vacibliyini vurğulayıb, 2026-cı il üçün tarif siyasətinin razılaşdırılmasının beynəlxalq yük daşımalarında rəqabət və tranzit axınlarının optimallaşdırılması baxımından strateji əhəmiyyət daşıdığını qeyd ediblər.

Tədbirin yekununda iclasın protokolu imzalanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: