Azərbaycan ilə Gürcüstan arasında kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsinin artırılması müzakirə olunub
Gürcüstanda rəsmi səfərdə olan kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkənin təhsil, elm və gənclər naziri Givi Mikanadze ilə görüşüb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən NUHÇIXAN-a bildirilib ki, tərəflər ölkələrimizdə aqrar sahədə kadr hazırlığı aparan universitetlər arasında tələbə və akademik heyətin mübadiləsi proqramlarının həyata keçirilməsinin, gənc mütəxəssislərin ikili diplom, təlim və təcrübə proqramlarına cəlb edilməsi imkanları, elmi-tədqiqat institutları arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Hər iki nazir Azərbaycan Dövlət Aqrar Universitetinin Gürcüstanın analoji ali təhsil müəssisələri ilə təhsil sahəsində qarşılıqlı əməkdaşlığı dərinləşdirməsinin, birgə elmi-praktik konfransların təşkilinin, baytarlıq və digər istiqamətlər üzrə kadr hazırlığın təkmilləşdirmək məqsədilə tələbə və müəllim mübadiləsinin aparılmasının, Gürcüstanda yaşayan soydaşlarımızın aqrar təhsilə cəlb olunması üçün stimullaşdırıcı proqramların hazırlanmasının önəmini diqqətə çatdırıblar. Görüşdə Azərbaycan Dövlət Aqrar Universiteti ilə Gürcüstanın ali təhsil ocaqları arasında daha çevik əməkdaşlıq münasibətlərinin qurulması məqsədilə qısa zamanda universitetlərin rəhbər heyətlərinin qarşılıqlı səfərlərinin həyata keçirilməsi barədə razılıq əldə olunub.
Sonra nazir Məcnun Məmmədov bu ölkənin parlamentinin aqrar komitəsinin sədri Gela Samxarauli ilə görüşüb. Görüşdə iki ölkə arasında aqrar sahədə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün hüquqi-normativ bazanın təkmilləşdirilməsi, bu sahədə mövcud əməkdaşlığı tənzimləyən qanunların və beynəlxalq müqavilələrin daha səmərəli işləməsini təmin etmək məsələləri müzakirə olunub.
Tərəflər Azərbaycan və Gürcüstanın strateji tərəfdaş ölkələr olduğunu, ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də əməkdaşlığın daim inkişaf etdiyini vurğulayıblar.
Qeyd olunub ki, Azərbaycanla Gürcüstan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair imzalanmış Anlaşma Memorandumu aqrar sektora dair qarşılıqlı münasibətlərin hüquqi çərçivəsini təmin edir, aqrar sahədə fəaliyyət istiqamətlərinin müəyyən edilməsi ilə bağlı yaradılacaq birgə İşçi Qrup bu əməkdaşlığı daha da irəli aparmağa imkan verəcək. Görüşdə kənd təsərrüfatı məhsullarının qarşılıqlı ticarət dövriyyəsinin artırılması, transsərhəd xəstəliklərə qarşı birgə mübarizənin təşkil edilməsi, bu sahədə müntəzəm məlumat mübadiləsinin aparılması, elmi tədqiqatlar və təhsil sahəsində əməkdaşlıq və digər məsələləri dəstəkləyəcək qanunvericilik bazasının təkmilləşdirilməsi mövzuları geniş müzakirə olunub.
