Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi layihələrin gedişatı təhlil edilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, noyabrın 27-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində görülmüş işlər və gələcək dövrdə nəzərdə tutulan fəaliyyətlə bağlı müzakirə aparılıb.
Naxçıvan Regional “ASAN Xidmət” Mərkəzində keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov və Dövlət Proqramı üzrə əsas icraçı orqanların rəhbərləri iştirak ediblər.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının inkişafına xüsusi qayğısından bəhs edilib və müvafiq Sərəncamla təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın əsas məqsədləri diqqətə çatdırılıb. Bildirilib ki, Dövlət Proqramının məqsədləri davamlı iqtisadi artımın təmin edilməsi və vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması sayəsində Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsi və ölkə iqtisadiyyatına tam inteqrasiyasının təmin edilməsidir.
Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Azərbaycanda icrası davam etdirilən iki ən böyük strateji proqramdan biri olan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın ötən 2 il 6 aylıq dövr üçün icra vəziyyəti ilə bağlı aparılan monitorinqin nəticələrindən söz açıb. Bildirilib ki, qeyd olunan dövrdə Dövlət Proqramının icrası məqsədilə 57,1 milyon manat xərclənib.
Vüqar Gülməmmədov Dövlət Proqramının icrası ilə bağlı aparılmış təhlillər haqqında danışıb, dövlət proqramının tərtibi və icrası ilə bağlı məlumat verib. Proqramın həyata keçirilməsi ilə bağlı tövsiyələrini səsləndirən Vüqar Gülməmmədov proqramda iqtisadi istiqamətli tədbirlərin icrasına xüsusi önəm verilməsinin vacibliyini vurğulayıb.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov çıxışında qeyd edib ki, muxtar respublika iqtisadiyyatı ölkə başçısının rəhbərliyi ilə aparılmış işlər nəticəsində yeni inkişaf mərhələsinə qədəm qoyur. Azərbaycan Respublikasının Milli Məclisində müzakirə olunan bir sıra qanunvericilik aktlarının layihələrinə əsasən Naxçıvan Muxtar Respublikasının müvafiq rezidentləri 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətinə gəlir, əmlak, torpaq və sadələşdirilmiş vergilərdən, eləcə də gömrük rüsumlarından azad edilməsi və sosial sığorta ödənişlərinin subsidiyalaşdırılması nəzərdə tutulur.
Azər Əmiraslanov yeni güzəştlər zərfinin Naxçıvanda sahibkarlığın inkişafına əhəmiyyətli dərəcədə təkan verəcəyini diqqətə çatdırıb. Bildirilib ki, regionların sosial-iqtisadi inkişafı ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsas prioritetidir. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafını şərtləndirən Dövlət Proqramı isə ölkə başçısının Naxçıvanın hərtərəfli və davamlı inkişafına ayırdığı xüsusi diqqətin daha bir ifadəsidir. Dövlət Proqramı Naxçıvanın təkcə Azərbaycanın tərkib hissəsi kimi yox, həm də postmüharibə dövründə strateji coğrafi bölgə kimi daha da inkişafını nəzərdə tutur. Zəngəzur dəhlizi və nəticədə Orta dəhlizin bir parçası olmaqla Naxçıvanın logistik və tranzit imkanları daha da genişlənəcək. Bu baxımdan Dövlət Proqramının icrası üzrə işlər daha kompleks və sürətli aparılmalı, Naxçıvan yeni dövrə tam hazır olmalıdır.
Tədbirdə Dövlət Proqramının icrasının səmərəliyinin daha da artırılması yönündə müzakirələr aparılıb, icra prosesində müşahidə olunan əsas çətinliklər barədə suallar cavablandırılıb.
Sonda Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Proqramlılıq İnstitutu üzrə bir sıra tədbirlərin yenidən nəzərdən keçirilərək real tələbata uyğunlaşdırılması, müvafiq qaydada optimallaşdırılmanın aparılması və fəaliyyət göstəricilərinin müəyyənləşdirilməsinə dair tövsiyələrini irəli sürüb.