Misir D-8 qrupuna rəhbərlik etdiyi dövrdə üzv ölkələr arasında ticarət inteqrasiyasını dərinləşdirmək, sərmayələri artırmaq, davamlı inkişafı dəstəkləmək, yeniliklərdən və texnologiyadan faydalanmaq, bilik mübadiləsi aparmaq kimi prioritetləri əsas tutur.
NUHÇIXAN xəbər verir ki, bu sözləri Misirin investisiya və xarici ticarət naziri Həsən əl-Xətib inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzv dövlətlərin ticarət üzrə məsul nazirlərinin Qahirədə keçirilən 4-cü iclasında deyib.
Misirli nazir üzv ölkələr arasında əməkdaşlıq çərçivələrinin genişlənməsinin, birbaşa əlaqələr qurmaq və sərmayələri təşviq etmək məqsədilə ticarət forumlarının təşkil edilməsinin və nümayəndə heyətlərinin ziyarətlərinin əhəmiyyətini vurğulayıb. 2024-cü ildə D-8 ölkələri arasında ticarətin həcminin təxminən 150 milyard dollar olduğunu vurğulayan Həsən əl-Xətib bu göstəriciləri artırmaq üçün ortaq səylərin gücləndirilməsinin vacibliyini bildirib.
Qeyd edilməlidir ki, iclasda D-8 üzvü olan dövlətlərinin ticarət üzrə məsul nazirləri və nümayəndə heyətləri, eləcə də təşkilatın Baş katibi iştirak edib. Azərbaycanı iclasda iqtisadiyyat nazirinin müavini Səməd Bəşirlinin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
D8 qrupu 1997-ci ildə üzv ölkələrin iqtisadi əməkdaşlığına yardım məqsədi ilə yaradılıb. Hazırda qrupa üzv dövlətlər Malayziya, İndoneziya, Pakistan, İran, Banqladeş, Misir, Nigeriya və Türkiyə və Azərbaycandır. Misir ötən ildən D8-ə sədrlik edir. 2024-cü il dekabrın 19-da Misirin paytaxtı Qahirə şəhərində təşkilatın XI Sammiti zamanı Azərbaycan Respublikası yekdilliklə D-8 təşkilatının üzvü seçilib.
