Azərbaycan Qars və İğdırda ticarət evləri aça bilər

A- A A+

Türkiyənin Qars və İğdır bölgələrində Azərbaycana məxsus ticarət evlərinin açılması nəzərdən keçirilir.

NUHÇIXAN xəbər verir ki, bunu Azərbaycanın Qars şəhərindəki baş konsulu Zamin Əliyev bildirib.

O qeyd edib ki, Türkiyənin İğdır, Qars, Ardahan, Ərzurum və Ağrı vilayətləri ilə Azərbaycanın Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur bölgələri arasında ticarət əlaqələrinin genişləndirilməsi, biznes forumların təşkil edilməsi və iş adamlarının qarşılıqlı səfərlərinin artırılması prioritet məsələlərdən biridir.

Baş konsulun sözlərinə görə, kənd təsərrüfatı, heyvandarlıq, logistika və turizm də daxil olmaqla iqtisadiyyatın bütün sahələrində əməkdaşlıq daha da inkişaf etdirilməlidir. Bunun üçün kifayət qədər imkanlar mövcuddur.

Turizm sahəsində xüsusilə əlverişli şəraitin olduğunu vurğulayan Z.Əliyev deyib ki, turistlərin qarşılıqlı səfərləri bölgələr arasında məlumatlılığın və əlaqələrin güclənməsinə töhfə verəcək.

Onun sözlərinə görə, Azərbaycan dövlətinin güzəştlər təqdim etdiyi Naxçıvan və Qarabağdakı mövcud və yaradılacaq sənaye parklarına Türkiyədən iş adamlarının cəlb edilməsi də xüsusi əhəmiyyət daşıyır.

Qarsdan olan iş adamlarının sabah Qarabağ bölgəsinə ticarət missiyası həyata keçirəcəklərini xatırladan Z.Əliyev qeyd edib ki, 2025-ci ilin iyun ayında İğdır iş adamlarının Qarabağa səfəri də uğurla baş tutub. O, bu ənənənin Ərdahan, Ərzurum və Ağrı vilayətləri ilə də davam etdirilməsinin mümkün olduğunu bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: