Vergidən büdcəyə daxil olan vəsaitin 73 faizdən çoxu qeyri-neft-qaz sektorunun payına düşüb - FOTOLAR
Cari ilin yanvar-noyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 15 milyard 310,5 milyon manat vergi daxil olub, proqnoza 105,1 faiz əməl edilib.
Dövlət Vergi Xidmətindən NUHÇIXAN-a bildirilib ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dövlət büdcəsinə vergi daxilolmaları 315,1 milyon manat və ya 2,1 faiz artıb.
Qeyri-neft-qaz sektorundan daxilolmalar 11 milyard 187,6 milyon manat olub, proqnoz 102,7 faiz icra edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 8,7 faiz artıb.
Ödənilən vergilərin 73,1 faizi qeyri-neft-qaz sektorunun, 26,9 faizi isə neft-qaz sektorunun payına düşüb.
2025-ci ilin yanvar – noyabr aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 5 milyard 733,6 milyon manat təşkil edib. Bu mənbədən daxilolmalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,7 faiz və ya 601,3 milyon manat artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrünə nisbətən 12,3 faiz artaraq 3 milyard 832,2 milyon manat olub.
İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10,4 faiz artaraq 203 milyon manat təşkil edib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 11,4 faiz artıb və 155,0 milyon manat olub.
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 10,1 faiz artaraq 1 milyard 6,3 milyon manat, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 9,6 faiz artıb və 713,7 milyon manat təşkil edib.