Cari ilin yanvar-noyabr ayları ərzində Azərbaycana Türkiyədən ixrac illik müqayisədə 6,1 faiz artıb.
NUHÇIXAN Anadolu agentliyinə istinadla xəbər verir ki, hesabat dövrü ərzində Türkiyənin ən çox illik ixrac artımı olan ölkələr sırasında Azərbaycan ikinci yerdədir.
Qeyd olunan dövrdə Türkiyə qonşuları Azərbaycan, Bolqarıstan, Gürcüstan, İran, İraq, Suriya və Yunanıstana ümumilikdə 25 milyard 310 milyon 335 min dollarlıq məhsul ixrac edib. Sözügedən məbləğ 2024-cü ilin eyni dövründə təxminən 24 milyard 476 milyon 926 min dollar təşkil edib ki, bu da illik müqayisədə 3,4 faiz artım deməkdir.
Türkiyənin ən çox məhsul ixrac etdiyi ölkə 9,3 milyard dollarla İraq olub. Siyahıda İraqdan sonra 4,2 milyard dollarla Bolqarıstan, 3,2 milyard dollarla Yunanıstan, 2,3 milyard dollarla Gürcüstan qərarlaşıb.
İxracda “kimyəvi maddələr və məhsullar” sektoru birinci yeri tutub. Bu sektor üzrə 3,941 milyard dollarlıq məhsul ixrac edilib. Ən az ixrac isə 34,3 milyon dollarla "dekorativ bitkilər və məhsullar" sektoru qeydə alınıb.
Qeyd edək ki, Naxçıvanla bağlı rəsmi məlumat olmadığı üçün hesablamaya daxil edilməyib.
