Pərviz Şahbazov: "Zəngəzur dəhlizi "Mərkəzi Asiya-Azərbaycan-Türkiyə" enerji körpüsünü yaradacaq"

A- A A+

"Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi" ölkələrin elektrik enerjisi sistemlərinin tarixdə ilk dəfə birləşməsini, Zəngəzur dəhlizi isə bu enerji axınının Türkiyəyə çatdırılmasını təmin etməklə "Mərkəzi Asiya-Azərbaycan-Türkiyə" enerji körpüsünü yaradacaq.

NUHÇIXAN xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov bu gün İstanbulda keçirilən Türk Dövlətləri Təşkilatının Enerji Nazirlərinin 5-ci iclasında şıxışı zamanı bildirib.

Onun sözlərinə görə, hazırda bu layihələr üzrə müvafiq işlər aparılır: "Bu dəhlizlərin yaradılması, perspektivdə bir-biri ilə əlaqələndirilməsi həm regional enerji ticarətini inkişaf etdirəcək, həm də qlobal bərpa olunan enerji axınlarını sürətləndirəcək. Bu layihələr ölkələrimizin Avropanın enerji təchizatındakı strateji mövqeyini daha da gücləndirərək, Avrasiya məkanında enerji əməkdaşlığının yeni geoiqtisadi arxitekturasını formalaşdıracaq".

Nazir xatırladıb ki, ötən iclasdan bəri Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi üzrə strateji Hökumətlərarası Saziş, Qazaxıstanla energetika sahəsində strateji tərəfdaşlıq Sazişi, Türkiyə ilə yaşıl elektrikin ötürülməsi və ticarətinə dair Anlaşma Memorandumu, Qırğızıstanla Yol Xəritəsi də daxil olmaqla enerji əməkdaşlığı üzrə 15 sənəd imzalanıb: "Bütün bunlar göstərir ki, türk dövlətləri ilə enerji əməkdaşlığımız həm inkişaf edir, həm də regional təşəbbüsləri əhatə edir. Bu kontekstdə Azərbaycanın, o cümlədən Xəzər dənizi və Mərkəzi Asiyanın bərpa olunan enerji potensialını şaxələndirilmiş marşrutlarla Türkiyə və Avropa bazarlarına nəql etməklə bağlı enerji siyasəti "Türk Yaşıl Baxışı" və "Qəbələ Bəyannaməsi"nin prioritetləri ilə üst-üstə düşür. Trans-Xəzər, Naxçıvandan birbaşa və Ermənistan üzərindən keçməklə "Azərbaycan-Türkiyə-Avropa", "Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan, həmçinin "Xəzər-Qara dəniz-Avropa" yaşıl enerji dəhlizləri və interkonnektor layihələri enerji vasitəsilə türk dövlətlərinin birliyini möhkəmləndirməyə xidmət edir".

P. Şahbazovun fikrincə, bu geniş məzmunlu yaşıl gündəliyimiz təşkilatın "Texnologiya və Yaşıl Təşəbbüslər üzrə Regional Mərkəz" layihəsini dəstəkləməklə yanaşı, Türkiyənin COP31-ə uğurlu ev sahibliyinə də töhfə verəcək: "Azərbaycan həm təşkilatın Regional Mərkəz təşəbbüsünü, həm də Türkiyənin COP31-ə sədrliyini dəstəkləyir və bu çərçivədə öz təcrübəsini qardaş ölkə ilə paylaşmağa hazırdır".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: