Gümüşün qiyməti tarixdə ilk dəfə 60 dolları ötərək rekord səviyyəyə çatıb

A- A A+

Qlobal maliyyə bazarlarında müşahidə edilən kəskin artım tendensiyası fonunda gümüşün bir troya unsiyasının qiyməti tarixdə ilk dəfə 60 dolları ötüb.

NUHÇIXAN xəbər verir ki, qiymət artımına ABŞ Federal Ehtiyat Sisteminin (FED) yaxın dövrdə pul siyasətini yumşaldacağı və qlobal təklifin sərtləşəcəyi ilə bağlı gözləntilər səbəb olub.

“Bloomberg”in məlumatlarına görə, dekabrın 10-da gümüşün bir troya unsiyasının qiyməti 61,8 dollara bərabər olub.

Gümüşün bahalaşmasına təsir edən başqa bir səbəb də dünyada gümüş istehsalının azalmasıdır.

Gümüş İnstitutunun (Silver Institute) məlumatında bildirilir ki, 2024-cü ildə mədənlərdə istehsalın azalması və təkrar emal prosesinin məhdudlaşması səbəbindən bazarda 250 milyon unsiyadan çox təklif kəsiri yaranıb. Bu göstərici institutun indiyədək qeydə aldığı ən böyük çatışmazlıqlardan biri hesab olunur.

Xüsusilə Günəş panellərinin istehsalında istifadə olunan gümüşün miqdarının artması, elektrik mühərrikli nəqliyyat vasitələrinin komponentlərinə və elektronika sektorunda davam edən güclü tələbat qiymət artımını dəstəkləyən əsas amillərdəndir.

Gümüş qiymətlərinin sürətlə artması qızıl ilə gümüş arasındakı qiymət fərqinin də azalmasına səbəb olub. Qızıl/gümüş nisbəti son aylarda 80 səviyyəsindən 60 diapazonuna düşüb.

Gümüş qiymətlərindəki artımın davam edib-etməyəcəyi sual altındadır. Mütəxəssislər hesab edirlər ki, FED gözləniləndən daha sürətli faiz endirimlərinə başlasa, gümüş üçün 65-70 dollar səviyyəsi texniki cəhətdən mümkündür.

Buna baxmayaraq, ABŞ-dan gələcək güclü iqtisadi göstəricilər FED-i ehtiyatlı addımlar atmağa vadar edərsə, qiymətlərdə qısa müddətli ucuzlaşma müşahidə oluna bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: