Naxçıvanda sahibkarlarla görüş keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, dekabrın 11-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilovun iştirakı ilə muxtar respublikada fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib.
Əvvəlcə muxtar respublikada sahibkarlığın inkişafı məqsədilə həyata keçirilən tədbirlərlə bağlı təqdimat olub. Təqdimatda dövlət dəstəyi və güzəşt paketləri mexanizmləri barədə məlumat verilib.
Görüşdə çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov bildirib ki, dövlət başçısı cənab İlham Əliyevin diqqət və qayğısı ilə Naxçıvanda dayanıqlı iqtisadi inkişafın təmin edilməsində mühüm layihələrin icrasına başlanılır. 2026-cı ildən etibarən 10 il müddətində Naxçıvanda fəaliyyət göstərən sahibkarlar üçün yeni vergi, gömrük və sosial güzəştlər tətbiq olunacaq. Bu imtiyazlar muxtar respublikada sahibkarlar üçün əlavə üstünlüklər yaradacaq, yeni iş yerlərinin yaradılmasına, istehsal və ixrac imkanlarının genişlənməsinə mühüm töhfə verəcək.
2025-ci ilin 11 aylıq makroiqtisadi göstəricilərini təhlil edən səlahiyyətli nümayəndə diqqətə çatdırıb ki, ÜDM istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz artıb. Qeyd olunan dövrdə istehsal olunan sənaye məhsulunun həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 14,1 faizdən çox olub.
Ceyhun Cəlilov Zəngəzur dəhlizinin artıq reallığa çevrildiyini, dəmiryolu infrastrukturunun qurulmağa başlanıldığını vurğulayaraq bildirib ki, bu da turizmin və digər sahələrin canlanmasına şərait yaradacaq, nəticədə iş adamları investisiya qoyuluşu üçün yeni imkanlar əldə edəcəklər. Səlahiyyətli nümayəndə muxtar respublikada dövlət proqramlarının və digər layihələrin icrası çərçivəsində görülən işlərdən danışıb, sahibkarlara fəaliyyətlərində uğurlar arzulayıb.
Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası İdarə Heyətinin sədri Vüqar Abbasov çıxış edərək sahibkarlıq sahəsində mövcud problemlər, qarşıda duran vəzifələr və gözlənilən nəticələrdən danışıb.
Görüşdə sahibkarların təklifləri dinlənilib, problemlərin həlli istiqamətində görüləcək işlər müzakirə edilib.