Bu ilin doqquz ayında əmtəə ixracı 5,6 faiz azalaraq 18.2 milyard dollar təşkil edib.
NUHÇIXAN Mərkəzi Banka istinadla xəbər verir ki, dövr ərzində əsasən dünya bazarlarında xam neftin və təbii qazın qiymətlərinin əlverişli olması şəraitində neft-qaz sektoru üzrə ixracın həcmi 15,7 milyard dollar olub. İxrac olunmuş neft-qaz məhsullarının (15,7 milyard dollar) 9,6 milyard dolları xam neftin, 5,6 milyard dolları təbii qazın, 0,5 milyard dolları isə neft emalı məhsullarının payına düşür. Hesabat dövründə qeyri-neft-qaz ixracı üzrə müsbət meyillər müşahidə olunub. Nəticədə müvafiq dövr üzrə qeyri-neft-qaz ixracı 6,1 faiz artaraq 2,5 milyard dollar təşkil edib.
2025-ci ilin 9 ayı üzrə əmtəə idxalı 2,7 faiz artaraq 12,6 milyard dollar təşkil edib. Hesabat dövründə istehlak mallarının idxalının ümumi dəyəri isə 5,1 milyard dollar olub, bunun da 1,8 milyard dolları ərzaq məhsullarının payına düşür. Qeyri-neft-qaz sektoru üzrə idxal 3,9 faiz artaraq 10,9 milyard dollar olub. Qeyri-neft-qaz idxalının strukturunda: uçuş aparatlarının (8,6 dəfə); tərəvəz məhsullarının (46,3 faiz); minik avtomobillərinin (29,5 faiz); alkoqollu və alkoqolsuz içkilərin (21,9 faiz); ətir və kosmetik vasitələrin (12,9 faiz); elektrik maşınlar və aparaturanın (7,3 faiz); tütün və tütün məhsullarının (7,2 faiz); bitki yağlarının (6,8 faiz); qazanlar, avadanlıq, mexaniki qurğuların (6,2 faiz); traktorların (4,2 faiz); şəkərin (3,1 faiz); kağız məmulatlarının (2,2 faiz) və dənli bitkilərin (1,6 faiz) idxalı artıb. Bu dövrdə qeyri-neft-qaz idxalının strukturunda: turboreaktiv
mühərriklərin (96,4 faiz); gəmilər, qayıqlar və üzən konstruksiyaların (47,4 faiz); mexaniki kürək və ekskavatorların (47,3 faiz); kommutasiya qurğularının (39,5 faiz); dəmiryol nəqliyyat vasitələrinin (39,1 faiz); yük avtomobillərinin (30,9 faiz); daxiliyanma mühərriklərinin (23,5 faiz); hesablama maşınlarının (23,2 faiz); daş və şüşə məmulatlarının (6,9 faiz); mebel mallarının (6,7 faiz); ağac məmulatlarının (6,5 faiz); metalların (5,3 faiz); sabun və yuyucu vasitələrin (3,8 faiz); kran, klapan, boru kəməri armaturlarının (3,4 faiz) və əczaçılıq məhsullarının (1 faiz) idxalı isə azalıb.
İdxalın strukturunda xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqların və malların xüsusi çəkisi 3,7 faiz təşkil edərək 0,5 milyard dollar olub.
