Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib
2025-ci ilin 9 ayı üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 14 milyard dollar təşkil edib.
NUHÇIXAN Mərkəzi Banka istinadla xəbər verir ki, bunun 7,7 milyard dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 6,3 milyard dolları isə Azərbaycan rezidentləri tərəfindən xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir. Ümumilikdə, xidmətlər balansında yaranan kəsir 12,8 faiz azalaraq 1,4 milyard dollar olub. Bu da onu göstərir ki, son illər xidmətlər balansında tarazlığın formalaşması meyilləri güclənir. Neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar xidmətlər) kəsiri 1,1 milyard dollar olub. Qeyri-neft-qaz sektoru üzrə xidmətlər balansının kəsiri isə 280,7 milyon dollar olub.
Qarşılıqlı xidmətlər dövriyyəsinin 28.2 faizi nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 4 milyard dollar olan nəqliyyat xidmətlərinin 66,3 faizi qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə əlaqədar olub.
Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 2,6 milyard dollar, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin
dəyəri isə 1,4 milyard dollar təşkil edib.
Dövr ərzində qeyri-neft-qaz sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı 22,9 faiz artıb, idxalı isə 7,4 faiz azalıb. Nəticədə nəqliyyat xidmətləri üzrə profisit 50,2 faiz artaraq 1,3 milyard dollar olub.
Qeyd edək ki, nəqliyyat xidmətləri üzrə profisit 2024-cü ilin 9 ayında 0,9 milyard dollar təşkil edib.
2025-ci ilin 9 ayında qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi cüzi (0,5 faiz) azalaraq 2,7 milyard dollar təşkil edib. Hesabat dövründə turizm xidmətləri üzrə ixracın (1,5 milyard dollar) idxalı (1,2 milyard dollar) üstələməsi nəticəsində 0,3 milyard dollar həcmində profisit yaranıb. Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 2,6 faiz, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 1,8 faiz azalıb. Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 1,2 milyard dollar olub. Bunun 75,1 faizi Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub (məkik idxal üçün vəsaitlər istisna olmaqla).
Hesabat dövründə qeyri-neft-qaz sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin həcmi 2,4 milyon dollar təşkil edib. Qeyri-neft-qaz sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin həcmi isə 12,1 faiz artaraq 1,6 milyard dollar olub.
